Azərbaycan ilə ABŞ arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə yüksəlir

Azərbaycan ilə ABŞ arasında iqtisadi əməkdaşlıq

Azərbaycan ilə ABŞ arasında iqtisadi və maliyyə sahələrində əməkdaşlıq son illərdə əhəmiyyətli dərəcədə genişlənib və strateji mərhələyə yüksəlib. Bu barədə Azərbaycan Mərkəzi Bankının və Dövlət Neft Fondunun rəhbər heyəti ABŞ Ticarət Palatasının Azərbaycana təşkil etdiyi biznes missiyası çərçivəsində keçirilən dəyirmi masada məlumat verilib.

Mərkəzi Bankın sədri Taleh Kazımov çıxışı zamanı tərəfdaşlığın qarşılıqlı etimada əsaslanaraq davamlı inkişaf perspektivləri yaratdığını bildirib. O, ölkədə makroiqtisadi sabitlik, maliyyə-bank sektorunun dayanıqlılığı, maliyyə texnologiyalarının inkişafı, rəqəmsallaşma təşəbbüsləri, dayanıqlı maliyyə alətləri və sərhədlərarası ödəniş infrastrukturu sahəsində həyata keçirilən islahatlar və əldə olunan nəticələr barədə geniş məlumat verib.

Taleh Kazımov ABŞ şirkətləri ilə əməkdaşlığın genişləndirilməsinin, qabaqcıl texnologiya və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, ötən illərdə təşkil olunan bankçılıq missiyalarının ABŞ bankları ilə əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynadığını xüsusi qeyd edib.

AMB sədri ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksiyə təşəkkürünü bildirərək rəhbərlik etdiyi biznes missiyasının iki ölkə arasında biznes və investisiya əlaqələrinin daha da möhkəmlənməsinə, qarşılıqlı etimadın güclənməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib. O, ABŞ Ticarət Palatasının ticarət, innovasiya və qarşılıqlı rifahı təşviq edən körpü rolunu oynayaraq ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm platforma olduğunu vurğulayıb.

MONETAR.AZ