Beynəlxalq reytinq agentliyi S&P Global Ratings Özbəkistanın xarici və milli valyutada uzunmüddətli suveren kredit reytinqlərini “BB-” səviyyəsindən “BB” səviyyəsinə yüksəldib, proqnoz isə “Stabil” olaraq müəyyən edilib. Şirkətin press-relizində qeyd olunur ki, reytinq artımı agentliyin ölkədə davam edən islahatlara və dayanıqlı iqtisadi artıma olan inamını əks etdirir.
S&P-nin məlumatına görə, reytinqin artırılması ilk növbədə son illərdə Özbəkistanın makroiqtisadi siyasətində aparılan islahatlarla bağlıdır. Enerji sektorunda qiymətlərin liberallaşdırılması, tariflərin özünü ödəmə səviyyəsinə qaldırılması, tənzimləyici nəzarətin yaxşılaşdırılması, 2026-cı ildə ÜTT-yə üzvlüyə hazırlıq və dövlətin iqtisadiyyatda rolunun tədricən azaldılması öz təsirini gğstərib.
Ölkə iqtisadiyyatının artımı MDB regionunda ən yüksək göstəricilərdən biri olaraq qalır: 2025-ci ilin ilk doqquz ayında ÜDM 7,6% artıb (ötən il — 6,6%). S&P 2025–2028-ci illər üçün orta illik artımı 6,3% səviyyəsində proqnozlaşdırır. Bu artım yüksək daxili təlabat, böyük dövlət investisiyaları və güclü pul köçürmələri ilə izah olunur. Şirkətin proqnozuna görə, adam başına düşən ÜDM 2025-ci ildə 3500 dollar olacaq.
S&P qeyd edir ki, qızılın rekord qiymətləri nəticəsində ölkənin beynəlxalq ehtiyatları kəskin şəkildə artıb: 2025-ci ilin oktyabrına ehtiyatlar 59 milyard dollara çatıb (ÜDM-in 44%-i). İxracın təxminən 40%-i qızıl və metallardan ibarətdir, ehtiyatların isə 80%-ni monetar qızıl təşkil edir.
Bununla yanaşı, S&P vurğulayır ki, dövlət borcundakı artım struktur çağırışına çevrilir: xalis dövlət borcu 2028-ci ilə qədər ÜDM-in 35%-nə çata bilər. 2017-ci ildə isə hökumətin xalis aktiv mövqeyi mövcud idi.
Agentlik bildirir ki, Özbəkistanın geosiyasi həssaslığı yüksək olaraq qalır. Bunun əsas səbəbi Rusiyaya sıx iqtisadi bağlılıqdır. Pul köçürmələrinin təxminən 78%-i Rusiyadan gəlir, 2025-ci ilin ilk yarısında Rusiya ilə ticarət 5% artaraq 6 milyard dollara çatıb (ÜDM-in 5,2%-i). Pul köçürmələri isə illik müqayisədə 27% artaraq 8,2 milyard dollar təşkil edib (ÜDM-in 7,1%-i).
S&P qeyd edir: “Rusiya və Ukrayna arasında atəşkəs olacağı halda, Rusiyadan keçən ticarət və kapital axınları Özbəkistana təsir göstərə bilər, lakin biz genişmiqyaslı iqtisadi təsirin məhdud olacağını gözləyirik.” Şirkət hesab edir ki, Özbəkistan iqtisadiyyatı 2022–2025-ci illərdə xarici şokları “udmaq” qabiliyyətini nümayiş etdirib. Bununla belə, ikinci dərəcəli sanksiya riski qalır: ABŞ və Aİ artıq Rusiyayla işləyən bəzi özbək şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edib.
S&P ölkənin institusional mühitini nisbətən zəif hesab edir: hakimiyyət mərkəzləşdirilmiş olaraq qalır, qərarların proqnozlaşdırılması isə məhduddur. Yeni konstitusiyanın qəbul edilməsi prezidentin səlahiyyət müddətini 7 ilə uzadıb və hazırkı dövlət başçısının 2037-ci ilə qədər hakimiyyətdə qalmasına imkan yaradır.
MONETAR.AZ