Xankəndi sammiti - Dünyaya verilən siyasi, iqtisadi, diplomatik MESAJLAR

Xankəndi sammiti -
4 İyul 2025 11:11
Bu gün Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XVII Zirvə toplantısı keçiriləcək. Azərbaycanın ev sahibliyilə keçirlən sammitdə Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikstan, İran, Şimali Kipr prezidentləri, Pakistan və Qazaxıstanın baş nazirləri və digər üzv ölkələrin yüksək səviyyəli rəsmi şəxsləri iştirak edəcəklər.

"Zirvə toplantısının məhz Xankəndidə keçirilməsi siyasi baxımdan xüsusi əhəmiyyət kəsb edir"

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Zaur Şükürov bildirib ki, Zirvə toplantısının məhz Azərbaycanın Xankəndi şəhərində keçirilməsi təkcə diplomatik və iqtisadi deyil, eyni zamanda siyasi baxımdan da xüsusi əhəmiyyət kəsb edir:

“Zirvə toplantısının məhz Azərbaycanın Xankəndi şəhərində keçirilməsi təkcə diplomatik və iqtisadi deyil, eyni zamanda siyasi baxımdan da xüsusi əhəmiyyət kəsb edir. Uzun müddət Ermənistanın işğalı altında olmuş bu şəhərimizdə İƏT üzvü ölkələrinin rəsmilərinin bir araya gəlməsi, həmçinin digər beynəlxalq tədbirlərin keçirilməsi rəmzi xarakter daşımaqla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin misilsiz liderliyi sayəsində torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması ilə yeni reallıqların yaradılmasının beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyi, postmünaqişə dövründə regionda sabitlik və inkişafın təmin olunması üçün Bakı tərəfindən atılan addımların beynəlxalq aləmdə dəstəkləndiyini nümayiş etdirir. Həmçinin, digər dövlətləri təmsil edən nümayəndələr onilliklər boyu bu ərazilərdə dağıntılar törətmiş Ermənistanın işğalına son qoyulduqdan sonra orada iri miqyaslı bərpa və quruculuq işləri həyata keçirən Azərbaycanın bu torpaqların həqiqi sahibi olmasına şahidlik edirlər. Xankəndidə keçirilən bu sammit Azərbaycanın regionda artan nüfuzunun və beynəlxalq təşkilatlar tərəfindən göstərilən etimadın göstəricisidir".

"İƏT-in Xankəndi toplantısı Azərbaycanın siyasi və diplomatik uğurudur"

Deputat vurğulayb ki, tədbirin təşkilata üzv ölkələr üçün əhəmiyyəti də az deyil:

"Zirvə görüşü çərçivəsində regional ticarətin inkişafı, nəqliyyat və kommunikasiya xətlərinin genişləndirilməsi, enerji əməkdaşlığı, əmtəə bazarlarının əlaqələndirilməsi sahəsində mühüm qərarların qəbul olunması mümkündür. Bu istiqamətdə Azərbaycan ötən illərdə bir sıra mühüm təşəbbüslərlə çıxış etmiş, İƏT-in bir neçə mühüm tədbirinə ev sahibliyi etmişdir. Hazırda isə ölkəmiz regionun nəqliyyat-logistika mərkəzinə çevrilməkdədir ki, bu da İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsi üçün yeni imkanlar açır.

Eyni zamanda, Xankəndidə keçirilən bu zirvə toplantısı İƏT ölkələri arasında birliyin və həmrəyliyin güclənməsinə xidmət edəcək. Nəticə etibarilə, İƏT-in Xankəndi toplantısı həm Azərbaycanın siyasi və diplomatik uğurudur, həm də iqtisadi əməkdaşlıq baxımından yeni imkanların müzakirəsi və reallaşması üçün əhəmiyyətli bir platformadır. Azərbaycanın beynəlxalq nüfuzunun artması, azad edilmiş ərazilərin inkişafı və regionda sabitliyin möhkəmlənməsi baxımından bu tədbir mühüm dönüş nöqtəsidir".


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı iqtisadi, siyasi gücdür:

“İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvə Toplantısının Xankəndi şəhərində keçirilməsi Azərbaycanın siyasi nüfuzunun bir göstəricisidir, qürurverici hadisədir. Eyni zamanda İƏT həm əhalisinin sayı, həm ərazisi, həm də iqtisadiyyatı baxımdan böyük potensiala malikdir. Təşkilata üzv ölkələrin ümumilikdə əhalisi 600 milyona yaxındır. Eyni zamanda bu ölkələrin birlikdə iqtisadiyyatı trilyon dollarla ölçülür. Təşkilata üzv ölkələr çox geniş ərazini əhatə edir. Bu baxımdan da artıq təşkilat iqtisadi, siyasi güc deməkdir”.

A.Hüseynov vurğulayıb ki, İƏT Azərbaycan üçün iqtisadi baxımdan əhəmiyyətli platformadır:

“Azərbaycan İƏT-ə üzv ölkələrin hər biri ilə ikitərəfli və çoxtərəfli əlaqələrə sahibdir. İƏT-ə üzv ölkələrin əksəriyyəti türkdilli dövlətdir ki, Azərbaycan Türk Dövlətləri Təşkilatında da çox fəal iştirak edir. Bir də onu qeyd edək İƏT-in Azərbaycanda keçirilən sammitində, əlbəttə, əhəmiyyətli iqtisadi layihələrin müəyyənləşdirilməsi, qarşılıqlı investisyaların qoyulması, eyni zamanda nəqliyyat-logistika, yaşıl enerji və kənd təsərrüfatı, turizm kimi sahələri əhatə edəcək, iqtisadi əlaqələrin genişlənməsini təmin edəcək. İqtisadi sazişlərin bağlanması həyata keçiriləcək. Eyni zamanda onu da qeyd etməliyik ki, bu Azərbaycan üçün həm siyasi, həm də iqtisadi baxımdan əhəmiyyətli platformadır. Bu ölkə iqtisadiyyatının gələcək inkişafına çox böyük təsir göstərəcək”.

Modern.az


Oxşar xəbərlər