Avropa Mərkəzi Bankı İrandakı müharibəyə görə faizləri artıra bilər

Avropa Mərkəzi Bankı İrandakı müharibəyə görə

Avropa Mərkəzi Bankı (AMB) İrandakı müharibənin inflyasiyaya uzunmüddətli təsir göstərməsi halında faiz dərəcələrini artıra bilər. Bu barədə AMB İcraiyyə Şurasının üzvü İzabel Şnabel ötən həftə bildirib.

Şnabelin sözlərinə görə, getdikcə daha çox şirkət qiymət artımına hazırlaşır, təchizat zəncirlərində problemlər yaranır və ev təsərrüfatları inflyasiya gözləntilərini yenidən nəzərdən keçirirlər. O, Londonda çıxışı zamanı bildirib ki, hazırkı böhran iqtisadiyyata əvvəlki inflyasiya şokundan daha sürətli təsir göstərəcək.

“Əgər enerji qiymətlərindəki şok daha geniş yayılarsa, orta müddətli qiymət sabitliyini təhdid edən ikinci dərəcəli təsirlərin qarşısını almaq üçün pul-kredit siyasəti sərtləşdirilməlidir”, — deyə Şnabel vurğulayıb. O əlavə edib ki, “bu risk son həftələrdə artıb”.

Avropa Mərkəzi Bankı indiyədək inflyasiyanın 2%-lik hədəfi xeyli aşmasına baxmayaraq faiz dərəcələrini artırmayıb. Rəsmilər enerji qiymətlərinin artımının nəticələri ilə bağlı əlavə məlumat gözləyirdilər.

AMB rəhbəri Kristin Laqard isə iyunda faiz artımının mümkün olduğunu bildirib.

Slovakiyadan olan AMB rəsmisi Peter Kazimir gələn ay addım atılmasının “demək olar ki, qaçılmaz” olduğunu deyib. Bundesbank rəhbəri Yoaxim Nagel isə qeyd edib ki, inflyasiya və iqtisadi artım proqnozları ciddi şəkildə yaxşılaşmasa, faiz artımı lazım olacaq.

Fransadan olan AMB rəsmisi Fransua Villerua de Qalo isə enerji qiymətlərinin artımının hələlik cavab tədbirləri tələb edəcək qədər ciddi zərər vurmadığını bildirib.

Bazar iştirakçıları bu il ərzində ən azı iki dəfə, hər dəfə 0,25 faiz bəndi olmaqla faiz artımı gözləyirlər.

Şnabel əlavə edib ki, əgər yüksək xərclərin istehlakçılara ötürüldüyü və maaşların artdığı müşahidə olunarsa, bu, pul-kredit siyasətinin sərtləşdirilməsi üçün mühüm siqnal olacaq.

 

MONETAR.AZ