Azərbaycanda istehsal olunan duz anbarda qalmır

Azərbaycanda istehsal olunan duz

Azərbaycanın duz sənayesində 2026-cı ilin ilk rübündə diqqətçəkən artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, ölkədə qida və sənaye məqsədli duz istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə kəskin yüksəlib.

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda ümumilikdə 26 837 ton duz istehsal olunub. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk üç ayında bu göstərici 20 184,2 ton idi. Beləliklə, bir il ərzində istehsal həcmi 6 652,8 ton və ya təxminən 33 faiz artıb.

Statistik göstəricilər istehsal olunan məhsulun böyük hissəsinin bazara yönəldiyini göstərir. Hesabat dövrünün sonuna hazır məhsul ehtiyatlarının həcmi cəmi 2 020,99 ton olub. Bu isə istehsal edilən duzun əsas hissəsinin satış və istehlaka yönəldiyini ortaya qoyur. Yəni hazırda istehsal olunan duzun təxminən 7-8 faizi anbar ehtiyatı kimi qalıb, qalan hissəsi isə realizə olunub və ya bazara çıxarılıb.

Məlumatlara görə, hesabat dövründə bazara çıxarılan və realizə olunan məhsulun həcmi təxminən 18 785,91 ton təşkil edib. Ekspertlər bunu daxili bazarda tələbatın artması və satış dövriyyəsinin sürətlənməsi ilə əlaqələndirirlər.

Sektor üzrə əsas istehsal mərkəzləri sırasında Masazır gölü ətrafında fəaliyyət göstərən müəssisələr xüsusi yer tutur. Yerli istehsal hesabına ölkənin qida duzuna olan tələbatının böyük hissəsinin qarşılandığı bildirilir.

Mütəxəssislər qeyd edirlər ki, duz istehsalı yalnız ərzaq bazarı üçün deyil, həm də sənaye sektorları üçün strateji əhəmiyyət daşıyır. İstehsal olunan məhsulun bir hissəsi kimya sənayesi, tekstil müəssisələri və kənd təsərrüfatında istifadə edilir.

Hesablamalara görə, hazırkı istehsal tempi ilin sonuna qədər qorunarsa, Azərbaycanın illik duz istehsalı 100 min tona yaxınlaşa bilər. Bu isə həm daxili bazarın tam təminatı, həm də ixrac imkanlarının genişlənməsi baxımından mühüm göstərici hesab olunur.

MONETAR.AZ