Qlobal texnologiya bazarında süni intellekt (Sİ) ətrafında yaşanan misilsiz canlanma Çin iqtisadiyyatının ixrac xəritəsini kökündən dəyişdirib. "Goldman Sachs" və "Nomura" kimi nüfuzlu maliyyə qurumlarının hesabatlarına görə, aprel ayında Çin ixracında qeydə alınan 14%-lik artımın təxminən yarısı birbaşa yarımkeçiricilər, kompüter texnikası və Sİ infrastrukturuna aid məhsulların payına düşüb. Nəticədə, ölkənin aylıq ixrac həcmi 359 milyard dollarlıq tarixi rekorda imza atıb. Bu rəqəm rəmzi mənada Çinin dünya bazarlarına hər saatda təxminən 500 milyon dollar dəyərində məhsul satdığını göstərir.
Bu ixrac sıçrayışının "onurğa sütununu" yüksək texnologiyalı komponentlər təşkil edir. Xüsusilə mikrosxem (çip) ixracında ötən ilin apreli ilə müqayisədə 100%-lik artım qeydə alınması, Çinin qlobal yarımkeçirici zəncirindəki vazkeçilməz rolunu bir daha təsdiqləyir. Sİ sistemlərinin qurulması üçün zəruri olan noutbuklar, planşetlər və məlumat emalı avadanlıqlarının satışındakı 47%-lik yüksəliş, rəqəmsal transformasiyanın Çin sənayesinə necə böyük bir nəfəs verdiyini nümayiş etdirir. Maraqlıdır ki, Vaşinqton və Pekin arasındakı iqtisadi ayrışma (decoupling) siyasətinə baxmayaraq, ABŞ-ın texnologiya nəhəngləri tərəfindən data mərkəzlərinə qoyulan nəhəng investisiyalar dolayısı ilə Çin istehsalına olan asılılığı daha da artırıb.
Süni intellekt bumu təkcə ixracatı deyil, həm də ölkənin idxal strukturunu sürətlə yeniləyir. Aprel ayında Çinin xaricdən aldığı yüksək texnologiyalı məhsulların həcmi 42% yüksəlib ki, bu da ölkənin hələ də ən qabaqcıl çiplər üçün beynəlxalq bazarlara ehtiyac duyduğunu göstərir. Xüsusilə Cənubi Koreyadan idxalın 60%-dən çox artması, bölgədəki texnoloji ekosistemin bir-birinə nə dərəcədə bağlı olduğunu sübut edir. İqtisadçılar qeyd edirlər ki, 2021-ci ildən bəri ilk dəfə olaraq idxalın artım tempinin ixracı üstələməsi ehtimalı Çin iqtisadiyyatında yeni bir dinamikanın — "istehsal üçün istehlak" modelinin gücləndiyindən xəbər verir.
Yüksək texnologiyalı bu "partlayış" Çin üçün həm də mühüm bir iqtisadi qalxan rolunu oynayır. Yaxın Şərqdəki gərginliklər və artan xammal qiymətləri fonunda oyuncaq və geyim kimi ənənəvi sahələr gerilədiyi bir vaxtda, Sİ komponentləri Çin iqtisadiyyatını mümkün tənəzzüldən qoruyan əsas inkişaf nöqtəsinə çevrilib. Donald Trampın hazırkı prezidentlik dövründə inteqral sxemlərin ixracının iki dəfə artması və apreldə 31 milyard dolları ötməsi göstərir ki, geosiyasi rəqabətdən asılı olmayaraq, süni intellekt erası qlobal təchizat zəncirində yeni və qaçılmaz bir asılılıq yaradır.
MONETAR.AZ