2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın strateji valyuta ehtiyatları artıb, xarici dövlət borcu isə azalıb. 2026-cı il mayın 1-nə olan vəziyyətə görə, Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 87 milyard 916,2 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artım deməkdir.
Eyni zamanda, ölkənin xarici dövlət borcu azalıb. Hesabat dövründə xarici dövlət borcu 4 milyard 678,4 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 7,8 faiz azalma deməkdir.
Dövlət maliyyəsində isə büdcə profisiti qeydə alınıb. İlk dörd ayda dövlət büdcəsinin gəlirləri 13 milyard 564 milyon manat, xərcləri isə 10 milyard 531,1 milyon manat olub. Nəticədə büdcədə 3 milyard 32,9 milyon manat həcmində artıqlıq yaranıb.
Bank sektorunda da artım müşahidə edilir. 2026-cı il aprelin 1-nə olan məlumata görə, iqtisadiyyata kredit qoyuluşlarının həcmi 32 milyard 312,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz çoxdur.
Fiziki şəxslərin banklardakı əmanətləri də artaraq 16 milyard 960,4 milyon manata yüksəlib. Əmanətlər illik müqayisədə 12,5 faiz artıb.
MONETAR.AZ