Azərbaycan iqtisadiyyatı 4 ayda cüzi artıb

Azərbaycan iqtisadiyyatı  4 ayda

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın əsas makroiqtisadi göstəriciləri açıqlanıb. Statistik məlumatlar göstərir ki, ölkə iqtisadiyyatı ilin ilk dörd ayında məhdud artım nümayiş etdirsə də, qeyri-neft sektorunda müəyyən canlanma müşahidə olunub.

Hesabata əsasən, bu ilin yanvar-aprel aylarında ümumi daxili məhsulun (ÜDM) həcmi 39 milyard 875,1 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə iqtisadi artım cəmi 0,2 faiz olub. Müqayisə üçün qeyd edək ki, ilin ilk rübündə iqtisadiyyatda 0,3 faizlik azalma qeydə alınmışdı. Bu isə göstərir ki, aprel ayında iqtisadi aktivlikdə müəyyən bərpa meyilləri müşahidə olunub.

Makroiqtisadi göstəricilərdən görünür ki, ümumi artım əsasən qeyri-neft sektorunun hesabına formalaşıb. Belə ki, qeyri neft-qaz ÜDM-i 27 milyard 740,1 milyon manata çataraq 0,7 faiz artıb. Neft-qaz sektorunda isə azalma davam edib. Bu sahədə ÜDM 12 milyard 135 milyon manat olub və illik müqayisədə 0,9 faiz geriləyib.

Sənaye istehsalında da zəif artım qeydə alınıb. Ümumi sənaye məhsulunun həcmi 21 milyard 120,4 milyon manat təşkil edib və sektor cəmi 0,3 faiz böyüyüb. Bunun fonunda qeyri-neft sənayesində daha dinamik inkişaf müşahidə edilir. Qeyri neft-qaz sənayesində istehsal 7,2 faiz artaraq iqtisadiyyatın diversifikasiyası istiqamətində müsbət siqnal kimi qiymətləndirilir.

Kənd təsərrüfatı sektorunda da müsbət dinamika davam edib. İlk dörd ay ərzində kənd təsərrüfatı məhsullarının həcmi 2 milyard 536,9 milyon manat olub və sahədə 2 faizlik artım qeydə alınıb.

Ən yüksək artım isə informasiya və rabitə sektorunda müşahidə olunub. Bu sahədə xidmətlərin həcmi 1 milyard 271,2 milyon manata çatıb və illik müqayisədə 9 faiz artım qeydə alınıb. 

Nəqliyyat və anbar təsərrüfatı xidmətləri də artım nümayiş etdirən sahələr sırasındadır. Hesabat dövründə bu sektorda xidmətlərin həcmi 4 milyard 748,6 milyon manat olub və 4,6 faiz artım qeydə alınıb. 

Pərakəndə ticarət dövriyyəsi isə 20 milyard 102,8 milyon manata çataraq 3,7 faiz artıb. 

Bununla belə, investisiya göstəricilərində ziddiyyətli vəziyyət diqqət çəkir. Əsas kapitala yönəldilən investisiyalar ümumilikdə 2,6 faiz artsa da, qeyri-neft-qaz sektoruna yatırımlar 12,4 faiz azalıb. Halbuki ilin ilk üç ayında bu sahədə 2,2 faizlik artım müşahidə edilirdi. Ekspertlər bunu bəzi iri layihələrin tamamlanması və özəl sektorun investisiya fəallığının zəifləməsi ilə əlaqələndirirlər.

İqtisadçıların fikrincə, açıqlanan göstəricilər Azərbaycan iqtisadiyyatında hələ də əsas yükün qeyri-neft sektorunun üzərinə düşdüyünü göstərir. Bununla yanaşı, ümumi iqtisadi artımın zəif olması xarici bazarlardakı qeyri-müəyyənlik, enerji sektorundakı durğunluq və investisiya aktivliyinin tam bərpa olunmaması ilə izah edilir. Ekspertlər hesab edirlər ki, ilin ikinci yarısında iqtisadi artımın sürətlənməsi üçün xüsusilə qeyri-neft sənayesinə və özəl investisiyalara əlavə təşviqlərin verilməsi vacib olacaq.

MONETAR.AZ