“Yeni rezidentdən böyük hədəf: ‘Made in Azerbaijan’ siqaretləri ixrac olunacaq

“Yeni rezidentdən böyük hədəf: ‘Made in Azerbaijan’

Azərbaycanın tütün sənayesində istehsal və investisiya artımı davam edir. Araz Vadisi İqtisadi Zonası ərazisində - Cəbrayılda yeni tütün müəssisəsinin yaradılması sektorda istehsal həcmini daha da artıracaq.

Sənaye parkının yeni rezidenti olan Baku International Tobacco tərəfindən tütün məmulatları istehsalı müəssisəsi yaradılacaq. Layihəyə 47 milyon manat investisiya yatırılması nəzərdə tutulur. Şirkətin əsas məqsədi daxili bazarın yerli istehsal hesabına təmin edilməsi və “Made in Azerbaijan” markası ilə məhsulların ixracıdır.

Statistik göstəricilər də sektorda sürətli artımı təsdiqləyir. 2026-cı ilin yanvar-mart aylarında ölkədə 3 milyard 815,9 milyon ədəd siqaret istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz çoxdur. Hesabat dövründə göndərilmiş hazır məhsulun həcmi isə 4 milyard 148,8 milyon ədədə çatıb. Bu göstərici anbar ehtiyatlarının da aktiv şəkildə realizə olunduğunu göstərir.

Ekspertlərin hesablamalarına görə, mövcud artım tempi qorunarsa, Azərbaycanın illik siqaret istehsalı 2026-cı ilin sonunda 15 milyard ədədə çata bilər. İqtisadçılar bildirirlər ki, yeni müəssisənin fəaliyyətə başlaması ölkədə tütün sənayesinin istehsal gücünü əlavə 15-20 faiz artıra bilər. Bununla yanaşı, layihə işğaldan azad edilmiş ərazilərdə sənaye və məşğulluğun genişlənməsi baxımından da əhəmiyyətli hesab olunur.

MONETAR.AZ