Bu gün saat 10:00-da dövlət müəssisə və qurumlarına məxsus nəqliyyat vasitələri və avadanlıqların satışa çıxarıldığı növbəti hərrac keçiriləcək. Hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunur.
Hərraca müxtəlif dövlət qurumlarının balansında olan avtobuslar, xüsusi təyinatlı avtomobillər, minik avtomobilləri, yük nəqliyyatı vasitələri və avadanlıqlar çıxarılıb. Satışa təqdim olunan əmlaklar sırasında Fövqəladə Hallar Nazirliyinə məxsus “IVECO OTOYOL M23.9” markalı avtobus, Ədliyyə Nazirliyinin “PAZ 32054” markalı avtobusları, həmçinin “QAZ 2705-18” xüsusi təyinatlı avtomobili yer alır.
Bundan başqa, Dövlət Ehtiyatları Agentliyinə məxsus “VAZ 2121” minik avtomobili, Prezidentinin İşlər İdarəsinin “Zuğulba” iqamətgahının balansında olan “WESPER” markalı çiller avadanlığı və müşavirə zalı üçün stol da hərraca çıxarılıb.
Qəbələ rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatına aid xüsusi təyinatlı “JAC” markalı avtomobillər və yük nəqliyyatı vasitəsi, eləcə də Bakı Apellyasiya Məhkəməsinə məxsus 2022-ci il istehsalı “KHAZAR SD” markalı minik avtomobili də satış siyahısında yer alıb.
MONETAR.AZ