Azərbaycan Mərkəzi Bankı (AMB) bankların xarici valyuta ilə apardığı əməliyyatlara dair qaydaları sərtləşdirib. Bankın İdarə Heyəti banklarda açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi ilə bağlı yeni Qaydanı təsdiqləyib. Bununla bağlı AMB-nin sədrinin birinci müavini Əliyar Məmmədyarov müvafiq qərar imzalayıb.
Yeni qaydalar bankların dollar və digər xarici pullarla bağlı risklərini azaldaraq, vətəndaşların əmanətlərinin daha etibarlı qorunmasına xidmət edəcək. Mərkəzi Bankın bu addımı sadə dildə desək, banklar üçün bir növ "ehtiyatlılıq tədbiri"dir. Yeni qaydaların əsas mahiyyəti aşağıdakı bəndlərdə öz əksini tapıb:
Bankların "dollar sandığı"na ciddi nəzarət
Əvvəlki qaydalara görə, bankların əlində saxladığı xarici valyuta ilə manatın miqdarı arasındakı fərq (limit) daha geniş idi. Bu da banklara dolların bahalaşmasından daha çox qazanmaq üçün risk etmək imkanı verirdi. İndi isə həmin limitlər 7 faizdən 5 faizə endirilib. Bu o deməkdir ki, banklar artıq valyuta bazarlarındakı rəqslərlə oynaya bilməyəcək, daha sabit və təhlükəsiz fəaliyyət göstərəcəklər.
Gələcək xərclər indidən nəzərə alınacaq
Yeni qaydaya əsasən, bank təkcə bu gün kassasında olan nağd pulu deyil, həm də gələcəkdə müştərilərinə verməyi söz verdiyi valyuta vəsaitlərini də indidən hesablamalıdır. Məsələn, əgər bank bir şirkətə kredit ayırmağı öhdəsinə götürübsə, həmin pulun müəyyən hissəsini (müddətdən asılı olaraq 10-50 faizini) elə indidən "təhlükəsizlik ehtiyatı" kimi qeyd etməlidir.
Etibarlı pulların siyahısı müəyyənləşib
Mərkəzi Bank banklar üçün ən etibarlı və dünyada ən çox işlənən pulların ( ABŞ dolları, avro, İngiltərə funt sterlinqi, İsveçrə frankı və Yaponiya yeni) siyahısını təsdiqləyib. Banklara tapşırılıb ki, bu pullarla işləyəndə daha sərbəst ola bilsələr də, az tanınan və riskli valyutalara qarşı ikiqat diqqətli olsunlar.
Əmanətlər daha təhlükəsizdir
Mütəxəssislərin fikrincə, bu qərarlar bankların "sağlam" qalmasını təmin edir. Bank nə qədər az risk etsə, vətəndaşların ora qoyduğu pullar da bir o qədər təhlükəsiz olar. Mərkəzi Bank bu addımı ilə banklara "ayağınızı yorğanınıza görə uzadın" mesajını verərək, ölkənin maliyyə sistemini gələcək iqtisadi təlatümlərdən sığortalayır.
MONETAR.AZ