BƏƏ İranın milyardlarla dollarlıq aktivlərini dondura bilər

BƏƏ İranın milyardlarla dollarlıq aktivlərini

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın zərbələrinə cavab olaraq bu ölkəyə məxsus milyardlarla dollar dəyərində aktivləri dondura bilər. Bu barədə The Wall Street Journal qəzeti məlumat yayıb.

Məlumata görə, BƏƏ ölkə ərazisində qeydiyyatdan keçmiş İranla əlaqəli saxta şirkətlərin aktivlərinin və hesablarının bloklanmasını müzakirə edir. Bu hesabların bir hissəsinin İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə bağlı olduğu bildirilir.

Bundan əlavə, BƏƏ valyuta mübadilə məntəqələrində genişmiqyaslı yoxlamalara başlaya bilər. Bu məntəqələr vasitəsilə vəsaitlərin qeyri-rəsmi yollarla İrana ötürüldüyü iddia olunur. Qeyd edilir ki, bəzi İran şirkətləri beynəlxalq sanksiyalardan yan keçmək üçün BƏƏ-dən istifadə edir.

Əgər bu addım atılarsa, nəşrin yazdığına görə, bu Tehranın xarici valyutaya və qlobal ticarət şəbəkələrinə çıxışını ciddi şəkildə məhdudlaşdıra bilər. Çünki İran iqtisadiyyatı artıq yüksək inflyasiya ilə üzləşir və hazırda regiondakı hərbi gərginlik fonunda əlavə təzyiq altındadır.

MONETAR.AZ