İranın milli valyutası olan rial 2026-cı ilin ilk günlərindən etibarən kəskin devalvasiya ilə üzləşib. Daxili siyasi gərginlik və ABŞ tərəfindən səsləndirilən yeni sanksiya təhdidləri fonunda ölkədə maliyyə sabitliyi ciddi şəkildə pozulub.
“Forex” beynəlxalq valyuta bazarının yanvarın 12-nə olan məlumatına əsasən, 1 ABŞ dollarının məzənnəsi 994 min 55 İran rialı təşkil edib. Qeyd olunub ki, yanvarın 9-da dolların məzənnəsi rekord həddə yüksələrək 1 milyon 260 min riala çatmışdı.
Müqayisə üçün bildirək ki, 2025-ci ilin sonunda rəsmi məzənnəyə əsasən 1 ABŞ dolları 42 min 50 rial səviyyəsində olub. Beləliklə, cari ilin ilk həftələrində dolların riala qarşı “Forex” bazarında 2200 faizdən çox bahalaşması İran valyuta sistemində dərin böhranın göstəricisi kimi qiymətləndirilir.
“Qara bazar”da vəziyyət daha mürəkkəb olaraq qalır. Yanvarın 6-da azad bazarda 1 ABŞ dollarının məzənnəsi 1 milyon 482 min 500 riala yüksələrək tarixi minimumu qeydə alıb. Yanvarın 12-də isə qeyri-rəsmi bazarda məzənnə nisbətən stabilləşərək 1 milyon 44 min rial səviyyəsində formalaşıb.
Analitiklərin fikrincə, rialın sürətli dəyər itirməsinin əsas səbəbləri daxili və xarici amillərin üst-üstə düşməsi ilə bağlıdır. Xüsusilə ölkədə baş verən kütləvi etiraz aksiyaları iqtisadi fəallığı zəiflədib, əhali və investorlar arasında milli valyutaya inamı azaldıb. Bununla yanaşı, ABŞ Prezidenti Donald Trampın İranla ticarət edən ölkələrə qarşı əlavə rüsumların tətbiqi ilə bağlı açıqlamaları xarici valyuta axınlarının kəskin azalacağına dair gözləntiləri gücləndirib.
Məlumata görə milli valyutanın ucuzlaşması ölkədə inflyasiyanın sürətlənməsinə və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub. Tehran rəhbərliyi sosial gərginliyin artmasının qarşısını almaq məqsədilə aztəminatlı ailələrə ərzaq dəstəyi və məhdud maliyyə yardımları göstərməyə başlayıb.
Ekspertlər bildirirlər ki, mövcud şəraitdə İran iqtisadiyyatı həm maliyyə, həm də diplomatik baxımdan ciddi risklərlə üz-üzədir və yaxın dövrdə rialın məzənnəsində dalğalanmaların davam edəcəyi istisna olunmur.
MONETAR.AZ