LG Electronics 9 il sonra ilk rüblük zərərini açıqlaya bilər

LG Electronics  9 il sonra ilk rüblük zərərini

Cənubi Koreyanın LG Electronics şirkəti zəif TV tələbi və artan rəqabət səbəbindən son 9 ildə ilk rüblük əməliyyat zərərini qeydə alacağını proqnozlaşdırır.

Ötən сümə günü açıqlanan ilkin gəlir hesabatına görə, şirkətin 4-cü rübdə əməliyyat zərəri təxminən 109,40 milyard von ($75,3 mln) təşkil edib. Keçən il eyni dövrdə əməliyyat mənfəəti 135,40 milyard von olmuşdu. Bu, LG üçün 2016-cı ilin son rübündən bəri ilk rüblük zərərdir.

Proqnozlaşdırılan zərər analitiklərin gözləntilərindən xeyli aşağıdır; FactSet sorğusuna görə, mütəxəssislər rüblük əməliyyat mənfəətini 7,86 milyard von səviyyəsində proqnozlaşdırırdılar.

Əməliyyat zərərinə baxmayaraq, LG Electronics gəlirin rüblük 23,854 trilyon von səviyyəsində, yəni 4,8% artacağını gözləyir. Şirkət zərəri əsasən TV və ekran seqmentində zəif göstəricilərlə izah edib.

"Bu, əsasən ekranlara tələbin gözləniləndən daha yavaş bərpası və artan rəqabət nəticəsində marketinq xərclərinin yüksəlməsi ilə bağlıdır", şirkət açıqlamasında bildirir.

LG həmçinin 2025-ci ilin ikinci yarısında əməkdaşların erkən təqaüdə çıxması proqramları ilə əlaqədar bir dəfəlik restrukturizasiya xərclərini də qeyd edib; analitiklər bu xərclərin mənfəətin azalmasına təsir göstərdiyini vurğulayıblar.

Şirkət həmçinin tarif artımlarından yaranan çətinliklərlə üzləşir və eyni zamanda yeni biznes istiqamətlərini inkişaf etdirir.

Bütün 2025-ci il üçün LG Electronics gəlirin 1,7% artaraq rekord səviyyəyə — 89,203 trilyon vona çatacağını, əməliyyat mənfəətinin isə 28% azalaraq 2,478 trilyon von olacağını proqnozlaşdırır.

MONETAR.AZ