Qazaxıstan baza faiz dərəcəsini 18 faiz səviyyəsində saxlayıb

Qazaxıstan baza faiz dərəcəsini 18 faiz

Qazaxıstan Milli Bankının Pul-kredit siyasəti komitəsi baza faiz dərəcəsini illik 18% səviyyəsində, ±1 faiz bəndi koridoru ilə dəyişməz saxlayıb. Bu barədə qərar tənzimləyicinin rəsmi saytında dərc olunub.

Məlumata görə, qərar proqnoz raundunun nəticələri, əsas makroiqtisadi göstəricilərin yenilənmiş qiymətləndirilməsi və inflyasiya üzrə risk balansı nəzərə alınaraq qəbul edilib.

Bildirilir ki, cari ilin fevral ayında illik inflyasiya 12,2%-dən 11,7%-ə qədər azalıb. Bu, əsasən aşağıdakı amillərlə əlaqələndirilir:

  • nisbətən sərt pul-kredit şərtləri

  • tenqenin məzənnəsinin möhkəmlənməsi

  • təminatsız istehlak kreditlərinin artım tempinin azalması

  • artıq likvidliyin azalması

  • “güzgüləmə” əməliyyatları

  • inflyasiyaya qarşı kompleks tədbirlərin həyata keçirilməsi

Bununla yanaşı, aylıq inflyasiya 1,1%-ə qədər sürətlənib.

Milli Bank həmçinin 2026-cı il üçün inflyasiya proqnozunu əvvəlki 9,5–12,5% diapazonundan 9,5–11,5% səviyyəsinə endirib. Proqnoza görə:

  • 2027-ci ildə inflyasiya 5,5–7,5%-ə qədər azalacaq

  • 2028-ci ildə isə təxminən 5% hədəf göstəricisinə yaxınlaşacaq

Eyni zamanda ÜDM artımı proqnozu dəyişməz saxlanılaraq 3,5–4,5% səviyyəsində müəyyən edilib. Bankın açıqlamasında qeyd olunur ki, 2025-ci ildə yüksək baza fonunda 2026 və sonrakı illərdə iqtisadi aktivlik daha mülayim templə inkişaf edəcək. Daxili tələbatın isə fiskal konsolidasiya və istehlak kreditlərinin azalması səbəbindən zəifləyəcəyi gözlənilir.

Baza ssenariyə əsasən, ilin ilk yarısında Brent neftinin qiyməti Yaxın Şərqdə gərginliyin artması səbəbindən proqnozdan yüksək olacaq. Daha sonra isə qiymətin təxminən 60 dollar/barel səviyyəsinə enəcəyi gözlənilir. Ümumilikdə 2026-cı ildə Brent neftinin orta qiymətinin 66,3 dollar/barel olacağı proqnozlaşdırılır.

MONETAR.AZ