Alman avtomobil konserni Volkswagen Çində elektromobillərin yaradılmasına sərf olunan xərcləri iki dəfə azaltmağı planlaşdırdığını açıqlayıb. Şirkət sürətlə böyüyən yerli rəqiblər, o cümlədən BYD ilə rəqabətdə geri qalmanı aradan qaldırmağa çalışır, deyə Bloomberg yazır.
Şirkət dünən bildirib ki, bu qənaətə 2,9 milyard dollar dəyərində olan və Hefey şəhərində yerləşən yeni sınaq mərkəzi sayəsində nail olunacaq. Mərkəz proqram təminatı, avadanlıq və nəqliyyat vasitələrinin yoxlanmasını bir məkan altında birləşdirir. Nəticədə xərclər 50% azalacaq, inkişaf dövrü isə 30% sürətlənəcək.
“Bizim müştərilər sürətli innovasiyalar və qüsursuz keyfiyyət gözləyirlər”, — deyə VW-nin Çin bölməsinin rəhbəri Ralf Brandştetter bildirib.
Volkswagen avtopilot və avtomobil proqram təminatı sahəsində rəqabət qabiliyyətini artırmaq üzərində fəal işləyir. Növbəti nəsil avtomobillərin yaradılmasında konsern Çinin Xpeng və ABŞ-ın Rivian Automotive şirkətləri ilə tərəfdaşlıqdan istifadə edir.
Brandştetterin əsas məqsədi Çində bazar payını geri qaytarmaqdır. Yerli istehsalçılar qabaqcıl texnologiyalar və əlçatan qiymətlər sayəsində elektromobil seqmentində dominant mövqe tuturlar.
Çində satışların azalması, ABŞ rüsumlarının maliyyə yükü və Avropada avtomobillərə tələbatın zəifləməsi Volkswagen-in baş direktoru Oliver Blümeni restrukturizasiya proqramına sövq edib. Onun strategiyasına işçi sayının azaldılması, bəzi elektromobil modellərinin buraxılışının təxirə salınması, həmçinin hibrid və benzin modellərinin sayının artırılması daxildir.
MONETAR.AZ