Yüksək texnologiya elektrik avtomobilləri sürücülərini yanlış yönləndirir

Yüksək texnologiya elektrik avtomobilləri sürücülərini

Elektrik və hibrid avtomobillərdə istifadə olunan müasir texnologiya tənqid obyektinə çevrilib. Çünki bəzi modellər sürücülərə 30 millik zonalarda, o cümlədən məktəblərin yaxınlığında 80 mil sürətlə hərəkət edə biləcəklərini göstərir.

TSR (Yol işarələrinin tanınması) sistemi xüsusi kameralar vasitəsilə yol nişanlarını oxuyur və sürücüləri səsli və vizual siqnallarla ətrafdakı şərait, o cümlədən sürət hədləri barədə məlumatlandırır. Lakin onlayn forumlar bu funksiyaya sahib avtomobil sahiblərinin şikayətləri ilə doludur — çünki sistem nişanları səhv oxuyur və guya 80, 90 və hətta 100 mil sürət hədləri barədə xəbərdarlıqlar edir. Böyük Britaniya yol qanunvericiliyinə görə belə sürət hədləri mövcud deyil.

Sürücülərdən biri bildirib ki, Sainsbury’s marketinin avtoparkında ona 80 mil sürətlə gedə biləcəyini göstərilib. Başqa biri problemin məktəblər ətrafında “xaosa” səbəb olduğunu deyib. Üçüncü sürücü isə yazıb: “İndiyədək 10-u 70, 19-u 90, 30-u isə 80 kimi oxuyub. Bu, çox təhlükəlidir.”

Səhv siqnalları nəzərə almamaq mümkün olsa da, bəzi avtomobillərdə TSR sistemi avtomatik sürətə uyğunlaşan kruiz-kontrol ilə əlaqəlidir. Bu isə yanlış oxunan sürət həddinə uyğun olaraq avtomobilin qəfil sürətlənməsinə və ya yavaşlamasına səbəb ola bilər.

Bu xüsusilə 0-dan 60 mil/saat sürətə cəmi 3,3 saniyəyə çatan 96 min funt sterlinqlik Porsche Macan Turbo kimi yüksək performanslı avtomobillərdə təhlükəli situasiyalar yaradır. Porsche Macan sürüçüsü yazıb: “Sürət nişanının tanınması funksiyası avtomobili aldığım gündən bəri düzgün və təhlükəsiz işləmir, buna görə də onu söndürməli olmuşam. Son dəfə cəhd edəndə avtomobil 50 mil nişanını səhv oxuyaraq qəfil 70-dən 5 mil sürətə düşdü. Yaxşı ki, arxamda ağır və sürətli maşın yox idi.”

Məsələnin bir ildən artıq davam etdiyi bildirilir və buna baxmayaraq dilerlərin avtomobilləri satmağa davam etdiyi deyilir.

Sürücüyə yardım texnologiyası sürət nişanlarını oxumaq üçün kamera və GPS məlumatlarının birləşməsindən istifadə edir və həmişə qanuni sürət həddini göstərərək təhlükəsizliyi artırmalıdır. Lakin sistemin etibarsız olduğu, yük maşınlarının üzərindəki stikerləri və ya yan küçələrdəki nişanları belə səhv oxuduğu ortaya çıxıb. Volkswagen isə Avstraliyada bu funksiyanı avtomobillərə qurmamağa qərar verib. Şirkət rəqiblərin sistemi “tələsik bazara çıxardığını” və səhvlərə meyilli olduğunu bildirib.

Mazda UK məsələ ilə bağlı araşdırma apardığını açıqlayıb. Şirkət bildirib: “Avtomobillərdəki təhlükəsizlik sistemləri sürücüyə əlavə yardım üçün nəzərdə tutulub, lakin avtomobili idarə edən şəxs yol şəraitini, nişanları və sürəti özü izləməlidir.”

Porsche isə bildirib ki, çirkli və ya solğun yol nişanları sistemin səhv oxumasına səbəb ola bilər. Şirkət Macan sahiblərinə pulsuz proqram yeniləməsi təqdim ediləcəyini və bunun tanıma sistemini daha da təkmilləşdirəcəyini açıqlayıb.

Volvo ilə əlaqə saxlanılıb, lakin cavab verilməyib.

MONETAR.AZ