Azərbaycanda ətin qiyməti düşə bilər: Pakistan məhsulları bazara çıxarsa

Azərbaycanda ətin qiyməti düşə bilər:
6 Oktyabr 2025 13:59

Pakistan Azərbaycana ət tədarükünü həyata keçirmək üçün rəsmi icazə əldə edib və yaxın vaxtlarda yerli idxal şirkətləri ilə əməkdaşlıq qurmağı planlaşdırır. Bu barədə məlumat Pakistan mediasında və Pakistanın Ticarətin İnkişafı İdarəsi (TDAP) tərəfindən yayılan rəsmi açıqlamada yer alıb.

Monetar.az xəbər verir ki, Pakistanın Heyvanların Karantini Departamenti Azərbaycan tərəfinin müəyyən etdiyi bütün baytarlıq və qida tələblərini uğurla yerinə yetirib. Bu səbəbdən Pakistan ətin Azərbaycana ixracına icazə alıb.

TDAP artıq Azərbaycan bazarına çıxış strategiyalarını müzakirə etmək üçün ət ixracatçıları və müvafiq təşkilatlarla xüsusi iclas keçirib. Növbəti mərhələdə noyabr ayında Pakistanın ət ixracatçılarından ibarət nümayəndə heyətinin Bakıya səfəri planlaşdırılır. Bundan əlavə, Azərbaycanın aparıcı idxalçıları Pakistanda keçiriləcək sərgidə iştirak etməyə dəvət olunacaqlar ki, bu da birbaşa ticarət əlaqələrinin və işgüzar münasibətlərin gücləndirilməsinə xidmət edəcək.

2024-cü ildə Pakistan Azərbaycana 87 min 500 dolllar dəyərində 31.3 ton ət tədarük edib ki, bu da ümumi idxalın kiçik bir hissəsini təşkil edir. 1 kiloqram ətin idxal dəyəri 2,8 dillar və ya 4,75 qəpik olub. 

Lakin Pakistanın rəsmi icazə alması və əlaqələrin genişlənməsi ilə idxal həcminin artacağı gözlənilir.

Ekspertlər hesab edir ki, Azərbaycanın ət idxalında tədarükçü ölkələrin sayı artdıqca, bazar daha rəqabətli və sabit olur. Bu, idxalın müəyyən ölkələrdən asılılığını azaldır və hər hansı bir ölkədən gələn məhsulda problem yaranarsa, ehtiyat variantları olur. Pakistan kimi yeni tədarükçünün bazara daxil olması qiymət rəqabətini artıraraq ət məhsullarının qiymətlərinin stabilləşməsinə və ya az da olsa azalmasına kömək edə bilər. Bu da istehlakçıların xeyrinədir.  Pakistanın ət ixracatçıları ilə Azərbaycanın idxalçıları arasında əməkdaşlığın genişlənməsi iqtisadi əlaqələrin dərinləşməsinə səbəb olacaq, iki ölkə arasında ticarət dövriyyəsi artacaq.

Ümumilikdə Azərbaycana idxal edilən iribuynuzlu heyvan ətinin statistikasına nəzər saldıqda, ən böyük tədarükçülər arasında Ukrayna, Braziliya və Belarus ön plandadır. 2025-ci ilin əvvəlindən bu günə qədər ölkəyə 12166.7 ton iribuynuzlu heyvan əti idxal olunub ki, bunun da 7116.1 tonu Ukraynadan, 2620.8 tonu Braziliyadan, 1325.6 tonu isə Belarusdan gəlir.

Digər idxalçılar arasında Hindistan, Rusiya, Moldova, İordaniya və ABŞ da yer alır.

MONETAR.AZ


Oxşar xəbərlər