Gümüşün bir troya unsiyasının qiyməti 47,5 dollardan aşağı enərək 2025-ci ilin sentyabrından bəri ən aşağı səviyyəyə düşüb. FED-in faiz artımı gözləntiləri və dolların möhkəmlənməsi qiymətli metalın ucuzlaşmasını sürətləndirib.
Monetar.az xəbər verir ki, bazar ertəsi gümüşün qiymətində kəskin eniş qeydə alınıb.
İnvestorlar FED-in dekabr iclasında faiz dərəcəsini 0,25 və ya 0,50 faiz bəndi artıracağı ehtimalını qiymətləndirirlər. CME FedWatch alətinə əsasən, 0,25 faiz bəndi artım ehtimalı 90%-dən yüksəkdir.
FED rəsmiləri inflyasiyanın hələ də yüksək olduğunu və xüsusilə xidmət sektorunda qiymət təzyiqlərinin davam etdiyini bildirirlər. Daha sərt pul siyasəti gözləntiləri dolları gücləndirərək gümüşə tələbi zəiflədir.
Bununla yanaşı, “Metals Focus” konsaltinq şirkətinin araşdırmasına görə, 2026-cı ildə qlobal gümüş tələbinin 5% azalacağı proqnozlaşdırılır. Buna zərgərlik məhsullarına tələbin zəifləməsi və günəş panellərində gümüşdən istifadənin azalması təsir göstərə bilər.