Böyük Britaniyada 90 min gəncin işlə təmin olunması planlaşdırılır

Böyük Britaniyada 90 min gəncin işlə

Böyük Britaniya hökuməti 2029-cu ilin mart ayına qədər 90 mindən çox gəncin iş tapmasına dəstək göstərmək məqsədilə milli məşğulluq təminatı proqramını genişləndirəcək. Təşəbbüs ölkənin bütün regionlarını əhatə edəcək.

Əmək və Pensiyalar Departamentinin məlumatına görə, proqram bu ilin əvvəlində başladığı altı pilot ərazidən kənara çıxarılacaq. Bundan başqa, 2027-ci ilin aprelindən etibarən proqramın şərtlərinə uyğun gələn gənclər 18 ay əvəzinə, 12 aylıq iştirakdan sonra təminatlı iş yeri əldə edə biləcəklər.

Qərar ölkədə gənclər arasında işsizliyin və iqtisadi qeyri-fəallığın artması fonunda qəbul edilib. 2026-cı ilin ikinci rübündə Böyük Britaniyada nə işləyən, nə təhsil alan, nə də peşə hazırlığı keçən (NEET) gənclərin sayı təxminən 1 milyona çatıb.

Hökumət gənclərin məşğulluq imkanlarını artırmaq üçün üç il ərzində 2,5 milyard funt sterlinq (3,3 milyard dollar) vəsait ayırıb. Bu maliyyə həm məşğulluq təminatı proqramına, həm də digər dəstək təşəbbüslərinə yönəldiləcək.

Proqramın genişləndirilməsi Leyboristlər Partiyasının keçmiş deputatı Alan Milbernin gənclər arasında iqtisadi qeyri-fəallığın səbəblərinə dair hesabatının dərcindən əvvəl elan olunub. Milbern gənclərin iş, təhsil və ya iş axtarışına dəstək almaq hüququnun qanunvericiliklə təsbit edilməsini, dövlət vəsaitlərinin isə işsizliyə görə müavinətlərdən daha çox məşğulluğun təşviqinə yönəldilməsini təklif edir.

Böyük Britaniyada sosial təminat xərclərinin 2025-2026-cı maliyyə ilindəki 334 milyard funt sterlinqdən 2031-2032-ci ildə 431 milyard funt sterlinqə yüksələcəyi proqnozlaşdırılır. Bu məbləğlərə dövlət pensiya ödənişləri də daxildir.

Hazırkı qaydalara əsasən, proqram iştirakçıları fəal şəkildə iş axtarmalı və ölkənin əsas sosial dəstək mexanizmi olan Universal Kredit müavinəti almalıdırlar. Hökumət proqramı bütün ölkə üzrə genişləndirməklə gənclərin əmək bazarına çıxışını asanlaşdırmağı hədəfləyir.

MONETAR.AZ