Kriptovalyuta bazarında mənfi tendensiya davam edir. Bu gün Bitcoin son minimum göstəricilərinə yaxın səviyyədə ticarət olunub. Faiz dərəcələrinin artırılması ehtimalı və texnologiya şirkətlərinin səhmlərində müşahidə olunan kəskin satışlar investorların risk iştahasını zəiflədib.
Hazırda bazar iştirakçılarının diqqəti ABŞ Federal Ehtiyat Sisteminin (FED) oktyabrın sonunda keçirilmiş iclasının protokoluna yönəlib. Sənədin açıqlanması dekabr ayında faiz dərəcələrinin artırılması ehtimalı ilə bağlı əlavə siqnallar verə bilər.
Bakı vaxtı ilə saat 10:10-a olan məlumata görə, Bitcoinin qiyməti 0,2% artaraq 64 673,1 dollara yüksəlib. Lakin dünyanın ən böyük kriptovalyutası ötən həftə 62 000 dollara qədər gerilədikdən sonra 65 000 dollar həddini keçməkdə çətinlik çəkir. ABŞ-da faizlərin yüksəlməsi ehtimalı spekulyativ və riskli aktivlərin cəlbediciliyini azaltdığından Bitcoin artıq altı həftədir ardıcıl ucuzlaşır.
Kriptovalyutanın ən böyük korporativ sahibi olan Strategy Inc şirkətinin ötən həftə əlavə Bitcoin alması qiymətə müəyyən dəstək versə də, bu amil bazardakı mənfi əhval-ruhiyyəni dəyişməyib. İnvestorlar hazırda şirkətin MSCI indekslərindən mümkün çıxarılmasının onun kapital vəziyyətinə göstərə biləcəyi təsirləri qiymətləndirirlər.
Texnologiya sektorundakı satışlar da kriptovalyuta bazarına təzyiq göstərir. Nvidia ətrafında yaranan korporativ idarəetmə qalmaqalı və süni intellekt sahəsinə yönəldilən xərclərin qarşıdakı rüblərdə azala biləcəyi ilə bağlı narahatlıqlar investorların riskdən yayınmasını gücləndirib.
İnstitusional investorların Bitcoinə marağı da zəif olaraq qalır. Spot birja fondlarından (ETF) vəsait çıxarılması artıq üçüncü həftədir davam edir. SoSoValue məlumatlarına əsasən, cari həftənin əvvəlindən etibarən bu fondlardan təxminən 232 milyon dollar kapital çıxarılıb.
MONETAR.AZ