Microsoftdakı nasazlıq sığorta bazarına zəif təsir göstərəcək

Microsoftdakı nasazlıq sığorta bazarına

"Marsh Re" təkrarsığorta brokerinin qiymətləndirməsinə görə, Microsoft 365 və Exchange Online xidmətlərində baş vermiş son nasazlıq sığorta bazarında ciddi maliyyə itkilərinə səbəb olmayacaq. Şirkət hesab edir ki, problemin qeyri-bərabər xarakter daşıması və təsir dairəsinin məhdudluğu əhəmiyyətli sığorta ödənişləri ehtimalını azaldır.

Brokerin məlumatına əsasən, insidentdən yaranan zərərin əsas hissəsi məhsuldarlığın qısamüddətli azalması və əməliyyat proseslərində gecikmələrlə məhdudlaşacaq. "Marsh Re" bildirir ki, kiber sığorta polisləri, bir qayda olaraq, kənar xidmət təchizatçılarında yaranan nasazlıqlar səbəbindən baş verən dolayı biznes fasilələrini də əhatə edir. Bu təminat problemin təsadüfi texniki nasazlıqdan, yaxud qəsdən törədilmiş fəaliyyətdən qaynaqlanmasından asılı olmaya bilər.

Bununla belə, sığorta ödənişlərinin mümkün həcmi müqavilələrdə nəzərdə tutulan gözləmə müddətindən birbaşa asılıdır. "Marsh Re"-nin açıqlamasına görə, bu müddət kiçik təşkilatlarda orta hesabla təxminən dörd saat, iri şirkətlərdə isə 12 saat və ya daha çox təşkil edir.

Sığorta təminatının işə düşməsi üçün zərər çəkmiş təşkilatın xidmət fasiləsinin müqavilədə müəyyən edilmiş gözləmə müddətini aşdığını sübut etməsi, eyni zamanda mənfəət itkisini təsdiqləyən faktiki məlumatlar təqdim etməsi tələb olunur. Brokerin qənaətinə görə, hazırkı insidentdə gəlir və mənfəət itkisinə məruz qalan fəaliyyətin ümumi həcmdə payı böyük ehtimalla cüzi olacaq.

"Marsh Re" nasazlığın daha ciddi problemlər yaratdığı sahələr sırasında aviasiya, dövlət sektoru və ictimai xidmətlər, maliyyə xidmətləri, səhiyyə, korporativ əməliyyatlar və telekommunikasiyanı qeyd edib. Bu sektorlarda rəqəmsal xidmətlərdən yüksək asılılıq əməliyyat gecikmələrinin təsirini daha qabarıq göstərə bilər.

MONETAR.AZ