ABŞ-ın aparıcı çip istehsalçısı Nvidia, qrafik prosessorlarının (GPU) yarıdan çoxunu Çin şirkətlərinə icarəyə verən məlumat mərkəzi operatorlarına satışları dayandırmaq niyyətindədir. Bu addım Vaşinqtonun Çin şirkətlərinin ABŞ istehsalı olan süni intellekt texnologiyalarına çıxışını məhdudlaşdırmaq səyləri ilə əlaqələndirilir.
CNBC-nin məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, Nvidia son aylarda müştərilərinə ABŞ-da müzakirə olunan Uzaqdan Giriş Təhlükəsizliyi Aktının (RASA) bulud xidmətlərinə nəzarət imkanlarını genişləndirə biləcəyi barədə xəbərdarlıq edib. Şirkət qanun layihəsinin həm çip istehsalçıları, həm də alıcılar üçün hüquqi risklər yarada biləcəyini bildirib.
Bundan əvvəl Financial Times Nvidia-nın məlumat mərkəzi müştərilərindən gələcək müqavilələr üzrə xidmətlərinin ən azı 51%-ni Çinlə əlaqəsi olmayan şirkətlərə yönəltməyi şifahi şəkildə xahiş etdiyini yazmışdı.
CNBC-nin məlumatına görə, RASA qanun layihəsi yanvarda ABŞ Nümayəndələr Palatasından keçsə də, hələ Senat tərəfindən təsdiqlənməyib. Mövcud ixrac məhdudiyyətləri Nvidia-nın qabaqcıl çiplərinin birbaşa Çinə satışını qadağan edir. Lakin xaricdə yerləşən məlumat mərkəzləri və bulud xidmətləri vasitəsilə həmin texnologiyalara çıxışın məhdudlaşdırılması daha mürəkkəb məsələ olaraq qalır.
ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu (BIS) isə bazar ertəsi Çin şirkətlərinin süni intellekt çiplərinə uzaqdan çıxışının qarşısını almağa yönəlmiş müvəqqəti yekun qayda elan edib. Bu addım bulud infrastrukturu vasitəsilə ixrac məhdudiyyətlərinin aşılması risklərinə qarşı tədbirlərin sərtləşdirilməsi çərçivəsində atılıb.
Noyabrın 5-də CNBC Çinin süni intellekt startapı Moonshot AI-nin Avropadakı məlumat mərkəzləri vasitəsilə Nvidia çiplərinə çıxış əldə etməyə çalışdığını bildirmişdi. İyulda isə Tramp administrasiyası şirkəti Şərqi Asiyadakı məlumat mərkəzləri vasitəsilə çiplərdən istifadə etməkdə ittiham etmişdi.
Məsələ ABŞ-da Nvidia rəhbərliyinə münasibətdə də müzakirələrə səbəb olub. Maliyyə naziri Skott Bessent şirkətin rəhbərliyində kadr dəyişikliklərinə çağırıb və digər rəhbərlərin ixrac məhdudiyyətlərinə əməl etməsi baxımından yoxlanılmasının vacibliyini vurğulayıb. O, Fox News-a açıqlamasında şirkətin gəlir və mənfəəti artırmaq məqsədilə qanun pozuntusu riski daşıyan sövdələşmələrə təşviq edib-etmədiyinin araşdırılmasını istədiyini bildirib.
Nvidia isə avqust ayında tənzimləyicilərə təqdim etdiyi hesabatda ixrac məhdudiyyətlərinə riayət etməyə çalışdığını, lakin məhsullar satıldıqdan sonra onların fiziki istifadəsinə nəzarət imkanlarının məhdud olduğunu qeyd edib. Şirkət bu baxımdan müştərilərin və tərəfdaşların qanunvericiliyin tənzimlənməsi, etik qaydaların tətbiqi, risk idarə etmə proqramlarına güvəndiyini bildirib.
MONETAR.AZ