Avropanın 5 ölkəsi gələn il Ruandada miqrantlar üçün deportasiya mərkəzi açacaq

Avropanın 5 ölkəsi gələn il Ruandada miqrantlar üçün

Almaniya, Danimarka, Avstriya, Yunanıstan və Niderland 2027-ci ildə Ruandada deportasiya mərkəzi yaratmağı planlaşdırır. Mərkəz bu ölkələrdə qalmaq üçün qanuni imkanları tükənmiş və deportasiya qərarı verilmiş miqrantların yerləşdirilməsi üçün nəzərdə tutulub.

Niderland hökumətinin açıqlamasına görə, yeni mexanizm deportasiya olunan şəxslərin mənşə ölkələrinə qaytarılmasının mümkün olmadığı hallarda alternativ həll yolu olacaq. Miqrantlara Ruandaya inteqrasiya olunmaq və ya öz ölkələrinə qayıtmaq imkanı veriləcək.

Təşəbbüsün ilkin mərhələsində yalnız tənha kişilərin qəbul edilməsi nəzərdə tutulur. Pilot layihə çərçivəsində mərkəzdə təxminən 100 nəfər — hər iştirakçı ölkədən 20 miqrant yerləşdiriləcək. Niderland isə əsasən Ruanda ilə eyni regiondan olan ölkələrin vətəndaşlarına diqqət yetirəcək.

Avstriya kansleri Kristian Ştoker bildirib ki, layihənin məqsədi Avropanın sığınacaq sistemlərinə düşən yükü azaltmaq və Aralıq dənizi marşrutu ilə miqrantların daşınmasını təşkil edən qaçaqmalçıların fəaliyyətinə qarşı mübarizə aparmaqdır. Beş ölkə planın Aİ qanunvericiliyinə və beynəlxalq hüquqa uyğun olduğunu bildirir.

Bununla belə, təşəbbüs insan haqları təşkilatlarının tənqidi ilə qarşılaşıb. Human Rights Watch təşkilatının Afrika üzrə baş tədqiqatçısı Klementin de Monjua Ruandada özbaşına həbslər, saxlanma yerlərində qəddar rəftar və fərqli fikirlərin məhdudlaşdırılması ilə bağlı narahatlıqlarını ifadə edib.

Layihə Böyük Britaniyanın əvvəlki Ruanda planından fərqlənir. Həmin təşəbbüs sığınacaq müraciətlərinə baxılması üçün miqrantların Ruandaya göndərilməsini nəzərdə tuturdu, lakin məhkəmə çəkişmələri səbəbindən həyata keçirilmədi və 2024-cü ildə leyboristlər hökuməti tərəfindən ləğv olundu. Britaniya hökuməti yeni Avropa təşəbbüsünü maraqla izləyəcəyini bildirib.

İspaniyanın Baş naziri Pedro Sançes isə planı tənqid edərək, onda “nə gələcək, nə də insanlıq” gördüyünü deyib.

Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinin məlumatına görə, 2026-cı ilin ilk 10 ayında Aİ sərhədlərində təxminən 110 min qanunsuz keçid qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29% azdır.

MONETAR.AZ