İordaniya hakimiyyəti milli təhlükəsizliyə təhdid yaratdığı qənaətinə gələrək Telegram messencerinə ölkə ərazisindən girişi bloklayıb.
Krallığın İctimai Təhlükəsizlik İdarəsinin noyabrın 16-da yaydığı bəyanatda qərarın rəqəmsal təhlükəsizliyin gücləndirilməsi və istifadəçilərin müdafiəsi məqsədi daşıdığı bildirilib.
Qurumun açıqlamasına görə, məhdudiyyət rəqəmsal platformalardan istifadə etməklə həyata keçirilən təhdidlərin və qanunvericiliyi pozan fəaliyyətlərin qarşısını almaq üçün tətbiq edilib.
İordaniya rəsmiləri Telegram-dan ekstremist və fundamentalist ideyaların yayılması, eləcə də kibercinayətlərin törədilməsi məqsədilə istifadə olunduğunu iddia edirlər. Hakimiyyət bu fəaliyyətləri ölkənin milli təhlükəsizliyi üçün risk kimi qiymətləndirir.
MONETAR.AZ