Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan dil imtahanlarının beynəlxalq standartlara uyğunlaşdırılması və gələcəkdə ALTE Q-Mark keyfiyyət nişanının əldə edilməsi imkanları müzakirə olunub.
DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə və Dövlət dili və xarici dillər üzrə şöbənin müdiri Könül Hacıyeva noyabrın 11-13-də Portuqaliyanın Lissabon şəhərində keçirilən Avropada Dil Qiymətləndirilməsi üzrə Assosiasiyanın (ALTE) 64-cü toplantısı və konfransında iştirak ediblər.
Tədbir çərçivəsində Məleykə Abbaszadə ALTE-nin baş katibi Nik Savilllə görüşüb. Görüşdə DİM ilə Assosiasiya arasında əməkdaşlığın genişləndirilməsi, Azərbaycanda keçirilən Azərbaycan dili və xarici dil imtahanlarının keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin Q-Mark nişanının əldə edilməsi üçün görülə biləcək işlər müzakirə olunub.
Qeyd edək ki, Q-Mark dil imtahanlarının hazırlanması, təşkili, qiymətləndirilməsi və nəticələrin təhlili proseslərinin beynəlxalq keyfiyyət standartlarına uyğunluğunu təsdiqləyir. DİM bu nişanı əldə etmək məqsədilə mövcud imtahan prosedurlarını ALTE standartları əsasında təhlil etməyi və qiymətləndirmə mexanizmlərini təkmilləşdirməyi nəzərdə tutur.
Səfər çərçivəsində DİM nümayəndələri Portuqaliyanın Təhsil, Keyfiyyət və Qiymətləndirmə İnstitutunun prezidenti Luis Migel Pereyra duş Santuşla da görüşüblər. Tərəflər təhsildə ölçmə və qiymətləndirmə sahəsində təcrübə mübadiləsi, gələcək əməkdaşlıq və birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarını nəzərdən keçiriblər.
Xatırladaq ki, 1989-cu ildə yaradılmış ALTE dil biliklərinin qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatdır. DİM 2019-cu ildən Assosiasiya ilə əməkdaşlıq edir və hazırda onun assosiativ üzvüdür.