FED sədri: Süni intellekt işsizliyi artıra bilər - 3 ssenari açıqlanıb

FED sədri: Süni intellekt işsizliyi artıra bilər -

ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Kevin Uarş süni intellektin iqtisadi artıma, məşğulluğa və maliyyə bazarlarına mümkün təsirləri ilə bağlı üç ssenarini açıqlayıb. Bu ssenarilərə əsasən, texnologiya həm məhsuldarlığı artıraraq iqtisadiyyatı sürətləndirə, həm də iş yerlərinin azalmasına və işsizliyin yüksəlməsinə səbəb ola bilər.

Monetar.az xəbər verir ki, Uarş bu fikirləri San-Fransisko Federal Ehtiyat Bankının təşkil etdiyi məhsuldarlıq və məşğulluq konfransında səsləndirib.

FED sədrinin fikrincə, süni intellekt yeni ideyaların yaradılmasını avtomatlaşdırmaqla ABŞ iqtisadiyyatının uzunmüddətli orta artım tempini üstələməsinə imkan verə bilər. O, texnologiyanın iqtisadiyyata təsirini üç mümkün ssenari üzrə izah edib:

  • Birinci ssenari - İqtisadi artım və məşğulluq yüksəlir. Süni intellekt əmək məhsuldarlığını artırır, əldə olunan iqtisadi gəlirlər isə həm işçilər, həm də kapital sahibləri arasında bölüşdürülür. Nəticədə iqtisadi artım sürətlənir, məşğulluq yüksək səviyyədə qalır.

  • İkinci ssenari - İqtisadi artım sürətlənir, işsizlik artır. Avtomatlaşdırma bəzi iş yerlərini aradan qaldırır. Əmək bazarı yeni texnologiyalara uyğunlaşmaqda çətinlik çəkdiyi üçün iqtisadi artıma baxmayaraq işsizliyin yüksəlməsi mümkündür.

  • Üçüncü ssenari - Süni intellekt investisiyaları gözləntiləri doğrultmur. Texnologiyaya yatırılan böyük vəsaitlər gözlənilən gəliri gətirmir. Nəticədə şirkətlərin səhmləri ucuzlaşır, iqtisadi artım zəifləyir və işsizlik artır. Məhsuldarlıqda gözlənilən yüksəliş də baş vermir.

Uarş müxtəlif ehtimallara hazır olmağın vacibliyini vurğulayıb. O, həmçinin süni intellektin insanın mühakimə qabiliyyətini, mənəvi dəyərlərini və məsuliyyətini əvəz etməməli olduğunu bildirib.