1300 dollarla yaradılan dünya nəhəngi yarım əsri geridə qoydu

1300 dollarla yaradılan dünya nəhəngi

Apple şirkətinin yaradılmasının 50 ili tamam olur. Şirkət 1976-cı ildə Stiv Cobs, Stiv Voznyak və Ronald Ueyn tərəfindən cəmi 1300 dollar ilkin kapitalla təsis edilib.

Hazırda iPhone istehsalçısı olan Apple bazar kapitallaşmasına görə dünyanın ikinci ən dəyərli şirkətidir və onun dəyəri 3,7 trilyon dollardan çox qiymətləndirilir.

Son məlumatlara əsasən, siyahının zirvəsində Nvidia qərarlaşıb. Süni intellekt texnologiyalarına artan tələbat fonunda şirkətin bazar dəyəri 4 trilyon dolları ötüb.

İlk beşlikdə digər iri texnologiya şirkətləri də yer alır: Alphabet, Microsoft və Amazon.

Qeyd edək ki, Apple tarixində bir sıra mühüm rekordlara imza atıb. Şirkət 2011-ci ildə ilk dəfə dünyanın ən dəyərli şirkəti olub. 2018-ci ildə bazar dəyəri 1 trilyon dolları keçən ilk şirkət kimi tarixə düşüb. Daha sonra 2023-cü ildə 3 trilyon, 2024-cü ildə isə 3,5 trilyon dollar həddini aşaraq yeni zirvələrə yüksəlib.

Mütəxəssislər bildirirlər ki, texnologiya sektorunda, xüsusilə süni intellekt sahəsində sürətli inkişaf qlobal şirkətlərin dəyərinə ciddi təsir göstərməyə davam edir.

MONETAR.AZ