Adidas çərşənbə günü açıqlayıb ki, məhsul çeşidinin bütün istiqamətləri və satış kanalları üzrə sabit tələbat fonunda birinci rübdə mənfəəti artıb və satışlar iki rəqəmli tempdə yüksəlib.
Mart ayınadək olan üç ay ərzində davam edən əməliyyatlardan əldə olunan xalis mənfəət 11% artaraq 484 milyon avroya (566,6 milyon dollar) çatıb. Eyni zamanda əməliyyat mənfəəti 16% artaraq 705 milyon avro olub və əməliyyat marjası 10,7%-ə yüksəlib.
Valyuta təsirindən təmizlənmiş hesablamaya görə gəlir 14% artaraq 6,6 milyard avro həcmində xalis satışlarla nəticələnib. Bu artım bütün regionlar və məhsul kateqoriyaları üzrə geniş yüksəliş hesabına təmin olunub.
Birbaşa istehlakçılara satışlar 22% artıb. Bu çərçivədə elektron ticarət 25%, şirkətin öz pərakəndə satışları isə 19% yüksəlib ki, bu da satışlarda davamlı müsbət tendensiyanı əks etdirir.
Artımın əsas lokomotivi geyim seqmenti olub. Bu sahədə satışlar 31% artıb. Futbol, qaçış və məşq kimi idman kateqoriyaları da əhəmiyyətli artım nümayiş etdirib.
Ümumi (brüt) marja ötən ilki 52,1%-lə müqayisədə 51,1% təşkil edib. Bu azalma əsas fəaliyyət göstəricilərindəki yaxşılaşmanın valyuta məzənnələrinin mənfi təsiri və ABŞ tariflərinin artımı ilə qismən kompensasiya olunması ilə izah edilir.
“Adidas” 2026-cı il üzrə proqnozunu təsdiqləyib. Şirkət valyuta təsirindən təmizlənmiş satışların yüksək tək rəqəmli templə artacağını və əməliyyat mənfəətinin təxminən 2,3 milyard avro olacağını gözləyir. Bu, tariflər və valyuta təsirləri səbəbindən gözlənilən 400 milyon avroluq mənfi təsirə baxmayaraq proqnozlaşdırılır.
MONETAR.AZ