Kredit kartları ən bahalı maliyyə aləti olaraq qalır

Kredit kartları  ən bahalı

31 mart 2026-cı il tarixinə olan statistik məlumatlar göstərir ki, milli valyutada verilən kreditlər arasında ən yüksək faiz yükü yenə də kredit kartlarının payına düşür. Ötən ilin mart ayı ilə müqayisədə kredit kartı vasitəsilə verilən kreditlərin orta faiz dərəcəsi 27% səviyyəsində qərarlaşıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1-1.5 faiz bəndi artım deməkdir.

Məişət avadanlıqlarının alınması üçün nəzərdə tutulan kreditlər də 26 % ilə yüksək faizli məhsullar sırasındadır. Pərakəndə satış bazarındakı aktivlik bu növ kreditlərə tələbi saxlasa da, maliyyə xərcləri istehlakçı üçün hələ də kifayət qədər yüksək olaraq qalır.

İstehlak kreditləri seqmentində ən aşağı faiz dərəcəsi avtomobil kreditlərində qeydə alınıb - 13 %. Qeyd etmək lazımdır ki, avtomobil bazarındakı rəqabət və bankların təminatlı kreditlərə üstünlük verməsi bu seqmentdə faizlərin digər istehlak məhsullarına nisbətən aşağı (demək olar ki, iki dəfə) qalmasına şərait yaradıb.

Yaşayış sahələrinin alınması və tikintisi üzrə kreditlər bu statistikaya daxil edilməsə də, yaşayış sahəsinin təmiri ilə bağlı kreditlər üzrə orta dərəcə 18 % təşkil edib. Nağd pul formasında verilən digər istehlak kreditləri isə orta hesabla 21% dərəcəsi ilə rəsmiləşdirilib.

MONETAR.AZ