2026-cı ilin birinci rübünün maliyyə nəticələri Azərbaycan bank sektoru üçün zahirən bir “zəfər yürüşü” təsiri bağışlayır. Lakin rəqəmlərin dərinliyinə enərkən bu parlaq mənzərənin arxasında ciddi ziddiyyətlərin gizləndiyi üzə çıxır. Mənfəət sürətlə artır, amma dövlət qarşısında sosial və maliyyə məsuliyyət - yəni vergi öhdəliklər eyni templə yüksəlmir.
“Kapital”ın sirri: Mənfəət uçur, vergi sürünür
Sektorun liderlərindən biri olan Kapital Bank bu ziddiyyətin ən aydın nümunəsidir. Bankın xalis mənfəəti illik müqayisədə 118,9% artaraq iki dəfədən çox yüksəlib. Buna baxmayaraq, ödədiyi mənfəət vergisi cəmi 67,4% artıb.
Bu isə haqlı sual yaradır: mənfəət iki dəfədən çox artdığı halda, niyə büdcəyə ödənilən vəsait bu artımı izləyə bilmir?
Bu fərq müxtəlif “vergi qalxanları”, güzəştlər və ya mənfəətin strukturuna dair suallar doğurur. Söhbət real iqtisadi artımdan gedir, yoxsa mühasibat texnikaları ilə formalaşdırılmış rəqəmlərdən?
“Mənfəətli”, amma vergisiz:
Hesabatın ən diqqətçəkən və mübahisəli tərəflərindən biri də bəzi bankların mənfəət əldə etmələrinə baxmayaraq, vergi ödəməməsidir.
Rabitabank (5,1 mln. manat mənfəət), Premium Bank (3,6 mln. manat) rübü milyonlarla manat qazanc ilə başa vursalar da, dövlət büdcəsinə 0 manat mənfəət vergisi ödəyiblər.
Qanunvericilik keçmiş illərin zərərlərinin kompensasiyasına imkan versə də, bu faktın mahiyyəti dəyişmir: bu banklar iqtisadi sistemdən qazanc əldə edir, lakin həmin qazancın bir hissəsini cəmiyyətə geri qaytarmırlar. Bu isə “qanuni yayınma” mexanizmlərinin bank sektorunda necə sistemli şəkildə istifadə olunduğunu göstərir və sektoru daha çox səhmdar yönümlü “qapalı klub”a çevirir.
İnhisarçılıq və zəifləyən rəqabət
Mənfəətin əsasən bir neçə bankda - xüsusilə Kapital Bank və ABB-də cəmləşməsi bazarda rəqabətin formal xarakter daşıdığını göstərir. Bu iki bank faktiki olaraq bazarın böyük hissəsini nəzarətdə saxlayır. Belə bir mühitdə digər oyunçuların zəifləməsi qaçılmazdır Məsələn, Xalq Bankın mənfəətinin 20,8%, vergi ödənişlərinin isə 23,6% azalması onun bazar mövqeyinin zəiflədiyini göstərir. Bank Avrasiyanın zərərə düşməsi isə kiçik və orta bankların artıq bazarda ciddi təzyiq altında olduğunu təsdiqləyir.
Bank sektoru dövlət büdcəsi üçün dayanıqlı gəlir mənbəyindən daha çox, daxili maliyyə balanslarını optimallaşdıran bir sistem təsiri bağışlayır. Şəffaflıq yalnız hesabatlarda deyil, ödənilən vergilərin mənfəətlə real uyğunluğunda öz əksini tapmalıdır. Əks halda, biz sadəcə rəqəmlərin parıltısını izləyən müşahidəçilərə çevriləcəyik.