Hindistanın Ehtiyat Bankı bugün əsas faiz dərəcəsini dəyişməyərək 5,25% səviyyəsində saxlayıb. Qərar bazar gözləntilərinə uyğun olub.
Bankın rəhbəri Sanjay Malhotra çıxışı zamanı bildirib ki, Hindistan iqtisadiyyatı Yaxın Şərqdəki müharibə ilə bağlı çətinliklərə baxmayaraq dayanıqlılıq nümayiş etdirir. Onun sözlərinə görə, son aylarda qlobal geosiyasi qeyri-müəyyənlik xeyli artıb və İranla bağlı münaqişə dünya iqtisadi artımına əlavə təzyiq göstərə bilər.
Malhotra qeyd edib ki, ABŞ və İran arasında atəşkəs elan olunsa da, enerji, daşımalar və sığorta bazarlarında davam edən pozuntular iqtisadi artıma təsir etməyə davam edəcək.
“Əsas proqnozlar üçün risklər aşağı istiqamətə yönəlib və Qərbi Asiyada davam edən münaqişə səbəbindən qeyri-müəyyənlik yüksək olaraq qalır”, – deyə o bildirib.
Onun sözlərinə görə, qlobal enerji qiymətlərinin artımı bəzi yanacaq növlərinin bahalaşmasına səbəb olsa da, son aylarda inflyasiya ümumilikdə mülayim səviyyədə qalıb.
Mərkəzi Bank 2027-ci maliyyə ili üçün istehlak qiymətləri indeksinin 4,6% olacağını, ÜDM artımının isə 6,9% təşkil edəcəyini proqnozlaşdırır. Müqayisə üçün, 2026-cı maliyyə ili üzrə inflyasiya proqnozu 2,6%, iqtisadi artım isə 6,8% səviyyəsində qiymətləndirilir.
Qurum martın sonu və aprelin əvvəlində rupi məzənnəsinin zəifləməsinin qarşısını almaq üçün valyuta bazarlarına dəfələrlə müdaxilə edib. Hindistan valyutası enerji idxalındakı risklərlə bağlı narahatlıqlar fonunda dollar qarşısında rekord minimum səviyyələrə enib.
MONETAR.AZ