Rusal alüminiumunun bir hissəsini Çin bazarından Yaponiya və Cənubi Koreya bazarlarına yönləndirməyi planlaşdırır. Reuters-in məlumatına görə, İranda baş verən müharibə qlobal ticarət axınlarını dəyişir və metala olan əlavələrin (premiumların) kəskin artmasına səbəb olur.
Yaxın Şərq dünya üzrə ilkin alüminium istehsalının təxminən 9%-ni təmin edir. İllik 2,1 milyon ton alüminium idxal edən Yaponiya bu tədarüklərin dörddə birindən çoxunu əsasən Birləşmiş Ərəb Əmirlikləri-ndən alırdı. Lakin Hörmüz boğazının faktiki bağlanması və Körfəz regionundakı iri zavodlara hücumlar səbəbindən yapon istehlakçılar alternativ mənbələr axtarmağa məcbur qalıblar.
Defisit nəticəsində yapon alıcılar alüminium üçün son 11 ilin ən yüksək əlavəsini ödəməyə razılaşıblar: aprel–iyun dövrü üçün London Metal Birjasının (LME) qiymətindən əlavə hər ton üçün 350–353 dollar.
Mənbələrin bildirdiyinə görə, Rusal-ın Çinə ixracı (əvvəllər ayda 170–180 min ton təşkil edirdi) yaxın vaxtlarda azalacaq. Çin müştəriləri Asiya bazarlarında artan qiymətlər fonunda daha yüksək ödəniş etmək istəmir, çünki ölkə daxilində alüminium qiymətləri nisbətən az artıb (LME-də 10%-ə qarşı 4%-dən az). Bu isə daxili bazarda artıq ehtiyatların və yüksək istehsalın mövcudluğu ilə izah olunur.
Bu səbəbdən Rusal üçün alüminiumu yüksək əlavələr ödəməyə hazır olan yapon və cənubi koreyalı alıcılara yönləndirmək daha sərfəlidir.
Fiziki alüminium üzrə əlavələrin artımı təkcə Asiya ilə məhdudlaşmır: Avropada alıcılar LME qiymətindən əlavə təxminən 600 dollar ödəyirlər (2022-ci ildən bəri maksimum), ABŞ-da isə bu göstərici rekord səviyyəyə — hər ton üçün 2500 dollara çatıb.
MONETAR.AZ