ABŞ və Avropa kritik metallar üzrə razılaşmaya yaxınlaşır

ABŞ və Avropa kritik metallar üzrə

ABŞAvropa İttifaqı Çin-in bu sahədə üstünlüyünə qarşı çıxmaq məqsədilə kritik əhəmiyyətli metalların istehsalı və tədarükünün koordinasiyası üzrə razılaşmaya yaxınlaşır. Bu barədə Bloomberg məlumat yayıb.

Məlumata görə, mümkün razılaşma “fəaliyyət planı” çərçivəsində Çin xaricində fəaliyyət göstərən təchizatçıların dəstəklənməsi üçün stimulları, o cümlədən minimum qiymət zəmanətlərini nəzərdə tutur.

Hazırda Çin dünya üzrə kritik mineralların böyük hissəsinə, xüsusilə smartfonlardan tutmuş elektromobillərə qədər müxtəlif sahələrdə istifadə olunan nadir torpaq elementlərinə nəzarət edir. Bu resurslar ötən il Donald Tramp administrasiyası ilə Pekin arasında aparılan gərgin ticarət danışıqlarının əsas mübahisə mövzularından biri olub.

Mart ayında Aİ-nin ticarət üzrə komissarı Maroş Şefçoviç amerikalı həmkarı Ceymison Qrir ilə kritik minerallar məsələsi üzrə işi davam etdirmək barədə razılığa gəldiyini və tarifləri müzakirə etdiyini bildirib.

Məlumata əsasən, ABŞ və Aİ arasında razılaşma kritik mineralların bütün dəyər zəncirini əhatə edəcək. Kəşfiyyat, hasilat, emal, təmizləmə, təkrar emal və bərpa mərhələləri bura daxildir.

Bundan əlavə, Vaşinqton və Brüssel standartların uyğunlaşdırılması, investisiyalar və birgə layihələr üzrə əməkdaşlıq edəcək, həmçinin Çin kimi ölkələrdən tədarükdə yarana biləcək fasilələrin aradan qaldırılması istiqamətində birgə fəaliyyət göstərəcəklər.

MONETAR.AZ