Hyundai şirkəti Çində Ioniq subbrendinin yenidən işə salınacağını elan edib. Bu brend altında korporasiya bir neçə ildir Qərb bazarlarında elektromobillər təklif edir. Cənubi Koreya istehsalçısı planetlərin adını daşıyan iki futuristik konsept — “Venus” (Venera) və “Earth” (Yer) modellərini nümayiş etdirib.
“Venus” sedanı qızılı rəng çaları, dar işıqlandırma sistemi və iri panoramik tavanı ilə seçilir. Avtomobildə həmçinin düzbucaqlı sükan və ön panel boyunca uzanan geniş ekran yerləşdirilib.
“Earth” krossoveri isə daha aqressiv dizayna və yüksək klirensə malikdir. Arxa qapılar hərəkət istiqamətinin əksinə açılır, transformasiya olunan oturacaqlar isə pnevmatik tənzimləmə sistemi ilə təchiz edilib.
Hyundai nümayəndələrinin sözlərinə görə, Çində Ioniq seriyası tədricən “yerli müştərilərin ehtiyaclarına uyğunlaşdırılmış geniş mobillik ekosisteminə” çevriləcək. Şirkət “Venus” və “Earth” modellərini gələcək seriya avtomobilləri üçün “dizayn göstəriciləri” kimi qiymətləndirir.
Çin bazarı üçün nəzərdə tutulan ilk Ioniq modelinin nə vaxt təqdim ediləcəyi hələ açıqlanmayıb.
