Bakı şəhərində Dünya Şəhərsalma Forumu (WUF13)-un 13-cü sessiyasına hazırlıq çərçivəsində bir sıra marşrutlarda nəqliyyat axınına nəzarət həyata keçiriləcək.
Heydər Əliyev Beynəlxalq Hava Limanı-nın yaydığı məlumata görə, 11 apreldən 12 aprelə keçən gecə saat 01:30–03:30 aralığında hava limanı istiqamətində nəqliyyatın hərəkətində müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
Bu səbəbdən sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmaq, mümkün tıxacları nəzərə almaq və alternativ olaraq Zığ şosesi vasitəsilə hərəkət marşrutunu seçmək tövsiyə olunur.
Həmçinin bildirilir ki, uçuşların vaxtında və rahat şəkildə icrasını təmin etmək üçün sərnişinlərin uçuşdan ən azı 3 saat əvvəl hava limanında olmaları məsləhət görülür.
Bakı hava limanı ilə şəhər mərkəzi (28 May nəqliyyat qovşağı) arasında fəaliyyət göstərən “Aeroexpress” avtobus xətti isə əvvəlki qrafiklə işləməyə davam edəcək və sərnişinlər üçün etibarlı alternativ olaraq qalacaq.