Azərbaycanda işə qəbul qaydaları dəyişir

Azərbaycanda işə qəbul qaydaları

Azərbaycanda əmək münasibətləri ilə bağlı yeni dəyişikliklər hazırlanır. Milli Məclis-in plenar iclasında Əmək Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsi müzakirə olunaraq birinci oxunuşda qəbul edilib.

Layihəyə əsasən, narkotik asılılığı olan şəxslər əmək fəaliyyətini yerinə yetirərkən işəgötürənin hesabına məcburi dövri və plandankənar tibbi müayinələrdən keçəcəklər.

Eyni zamanda, müəyyən peşə və vəzifələr üzrə narkotik asılılığı olan şəxslər üçün məhdudiyyət qoyulan sahələrdə işə qəbul zamanı ilkin tibbi müayinə tələb olunacaq.

Bundan əlavə, iş prosesində əməkdaşın psixoaktiv maddələrin təsiri altında olması ilə bağlı əsaslı şübhə yarandıqda, o, dərhal işəgötürənin hesabına növbədənkənar tibbi müayinəyə göndərilə biləcək.

Qeyd olunur ki, bu kateqoriyaya aid şəxslərin tibbi yoxlamaları “Narkoloji xidmət və nəzarət haqqında” qanuna uyğun şəkildə həyata keçiriləcək.

Qanun layihəsi hələlik ilk oxunuşda qəbul edilib və yekun təsdiq üçün növbəti mərhələlərdən keçməlidir.