Porsche AG 2026-cı ilin birinci rübündə dünya üzrə 60 991 avtomobil müştərilərə təhvil verib. Bu göstərici ötən ilin eyni dövründə qeydə alınmış 71 470 ədədə nisbətən 15% azdır.
Şirkət azalmanı bir neçə amillə izah edir: daxili yanma mühərrikli Porsche 718 modelinin istehsalının başa çatması, tam elektrik Porsche Macan modelinin əvvəlki dövrdə aktiv istehsal mərhələsi, eləcə də ABŞ-da elektrik və hibrid avtomobillər üçün vergi güzəştlərinin ləğvi.
Bununla belə, bütün modellər üzrə azalma müşahidə olunmayıb. Porsche 911 modelinin tədarükləri illik müqayisədə 22% artaraq müsbət dinamika nümayiş etdirib.
Satış coğrafiyasına gəlincə, Şimali Amerika 18 344 avtomobillə ən böyük bazar olaraq qalır, lakin bu da ötən illə müqayisədə 11% azdır. Almaniya bazarında isə 7 778 avtomobil satılıb ki, bu da 4% artım deməkdir. Avropada (Almaniya istisna olmaqla) satışlar 18% azalaraq 14 710 ədəd olub, Çin bazarında isə 21% azalma ilə 7 519 avtomobil satılıb.
Model göstəricilərinə görə, ən çox tələb Porsche Cayenne modelinə olub — 19 183 ədəd (4% azalma). Porsche Macan 18 209 ədəd (-23%), Porsche 911 isə 13 889 ədəd (+22%) nəticə göstərib.
Digər modellər üzrə də azalma qeydə alınıb: Porsche Panamera 4 498 ədəd (-42%), Porsche 718 1 792 ədəd (-60%), Porsche Taycan isə 3 420 ədəd (-19%).
Şirkət həmçinin bildirib ki, tam elektrik Porsche Cayenne Electric modelinin qlobal təqdimatı yay aylarından başlayacaq.
MONETAR.AZ