Hörmüz boğazı istiqamətində Asiyanın ən böyük gəmiçilik şirkətləri ehtiyatlı şəkildə hərəkətə başlayıb. Səbəb son günlər elan edilən ABŞ–İran atəşkəsinin davamlılığı ilə bağlı qeyri-müəyyənlikdir. Bloomberg məlumatına görə, yüzlərlə tanker Fars körfəzində qapalı vəziyyətdə qaldıqdan sonra boğaza doğru yığılmağa başlayıb.
Məlumata əsasən, Yaponiyaya məxsus iki nəhəng supertanker — Mayasan və Yakumosan, Səudiyyə Ərəbistanının Ras-Tanura sahillərindəki lövbər nöqtəsindən çıxaraq şərq istiqamətində hərəkət edib. Hər biri təxminən 2 milyon barel neft daşımaq gücünə malikdir.
Onlara Küveytdən yüklənmiş, Yunanıstan bayrağı altında üzən Sea Condor tankeri də qoşulub.
Gəmi sahibləri yalnız hərbi risklərdən deyil, həm də tranzit şərtlərindən narahatdır. Məlumata görə, İran boğazdan təhlükəsiz keçid üçün ödəniş tələb edir. Lakin bu cür ödənişlər ABŞ sanksiyaları altında fəaliyyət göstərən şirkətlər üçün ciddi hüquqi risk yaradır.
Yapon tankerləri Mitsui O.S.K. Lines şirkəti ilə əlaqəlidir ki, bu da dünya gəmiçilik bazarında və enerji daşımalarında əsas oyunçulardan biridir.
Bölgədə təkcə yapon gəmiləri deyil, həm də bir neçə Çin supertankeri də boğazın girişində toplanıb.
MONETAR.AZ