Tramp əvvəl razılaşdı, sonra geri çəkildi

Tramp əvvəl razılaşdı,

ABŞ prezidenti Donald Trampın ABŞ ilə İran arasında əldə olunan müvəqqəti atəşkəsin Livanı da əhatə etməsinə ilkin mərhələdə razılıq verdiyi, lakin sonradan mövqeyini dəyişdiyi bildirilir.

ABŞ mətbuatına danışan mənbələr Trampın bu məsələdəki yanaşmasının Binyamin Netanyahu ilə telefon danışığından sonra dəyişdiyini qeyd ediblər.

Məlumata əsasən, ilkin mərhələdə Livanın da müvəqqəti atəşkəs razılaşmasına daxil edilməsi qəbul olunub və vasitəçi tərəflər bunu razılaşmanın bir hissəsi kimi qiymətləndiriblər. Bu çərçivədə Şahbaz ŞərifAbbas Əraqçi kimi rəsmilər də ictimaiyyətə bu istiqamətdə açıqlamalar veriblər.

Hətta atəşkəsin elan olunduğu gün Ağ Ev rəsmilərindən biri ABŞ mediasına İsrailin də Pakistanın vasitəçiliyi ilə əldə olunan razılaşmanın şərtlərini qəbul etdiyini bildirib.

Lakin həmin gün Tramp ilə Netanyahu arasında baş tutan telefon danışığından sonra ABŞ prezidentinin mövqeyi dəyişib. Tramp sonrakı açıqlamalarında Livanın razılaşmaya daxil edilmədiyini vurğulayıb və bunu Livanda fəaliyyət göstərən Hizbullah ilə əlaqələndirib.

ABŞ prezidenti mediaya açıqlamasında deyib: “Hizbullah səbəbindən Livan razılaşmaya daxil edilmədi. Bu məsələ də həll olunacaq”.

Qeyd edək ki, ABŞ və İran arasında müvəqqəti atəşkəs fevralın 28-də başlanmış hərbi toqquşmalardan sonra əldə olunub. Razılaşmaya görə, Hörmüz boğazının açılması əsas şərtlərdən biri kimi irəli sürülüb.

Bununla yanaşı, region ölkələri – o cümlədən Türkiyə, Pakistan və Misir – tərəflər arasında danışıqların davam etdirilməsi üçün diplomatik səylərini artırıblar.

İsrail tərəfi isə atəşkəsi dəstəklədiyini bildirsə də, Livanın razılaşmaya daxil edilmədiyini əsas gətirərək bu ölkəyə qarşı əməliyyatları davam etdirir.

MONETAR.AZ