Bakı və Tbilisi avtomobil daşımaları sahəsində əməkdaşlığı genişləndirir

Bakı və Tbilisi avtomobil daşımaları sahəsində

8–9 aprel tarixlərində Bakı şəhərində Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları üzrə Birgə Komissiyanın növbəti iclası keçirilib.

Görüş çərçivəsində tərəflər iki ölkə arasında beynəlxalq yük daşımalarının mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.

Danışıqlar zamanı 2026-cı il üçün əlavə icazə blanklarının mübadiləsi barədə razılıq əldə olunub:

  • 10 000 ədəd — ikitərəfli və tranzit daşımalar üçün;
  • 2 500 ədəd — üçüncü ölkələrə/ölkələrdən daşımalar üçün.

Statistik göstəricilərin təhlili və yük axınının artımı nəzərə alınaraq, tərəflər 2027-ci il üçün ilkin illik kvotanın artırılması barədə də razılığa gəliblər. Belə ki:

  • ikitərəfli və tranzit daşımalar üzrə kvota 18% artırılaraq 65 000 icazəyə çatdırılacaq;
  • üçüncü ölkələrə/ölkələrdən daşımalar üzrə isə 50% artımla 7 500 icazə olacaq.

Tərəflər avtomobil nəqliyyatı sahəsində əməkdaşlığın dinamik inkişaf etdiyini və son dövrlərdə beynəlxalq yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artdığını vurğulayıblar. Bu baxımdan, sahənin fasiləsiz və səmərəli fəaliyyətinin təmin edilməsi üçün əlavə tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.

Azərbaycan tərəfi həmçinin Türkiyə, ÖzbəkistanQırğızıstan ilə elektron icazə (e-permit) sisteminin uğurla tətbiq edildiyini, Qazaxıstan ilə isə bu istiqamətdə işlərin tamamlandığını bildirib.

Tərəflər Azərbaycan ilə Gürcüstan arasında da icazə blanklarının rəqəmsallaşdırılması məqsədilə e-permit sisteminin tətbiqini məqsədəuyğun hesab ediblər. Prosesi sürətləndirmək üçün 1 may tarixindən etibarən birgə texniki işçi qrupunun yaradılması planlaşdırılır.

İclasın yekununda müvafiq protokol imzalanıb.