UEFA (Avropa Futbol Assosiasiyaları İttifaqı) uzun illərdir əməkdaşlıq etdiyi Adidas şirkətindən imtina edərək, bütün avrokubok turnirlərində top təchizatını Nike şirkətinə verməyi planlaşdırır. Amerika şirkətinin UEFA ilə eksklüziv danışıqlar apardığı təsdiqlənib.
Razılaşmaya əsasən, Nike 2027–2031-ci illər dövründə UEFA-nın üç əsas klub turnirini — Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasını toplarla təmin edəcək. Müqavilənin UEFA-ya ildə təxminən 40 milyon avro gəlir gətirəcəyi gözlənilir ki, bu da hazırkı analoji müqavilələrlə müqayisədə iki dəfə çoxdur.
UEFA və Avropa Klub Assosiasiyasının birgə kommersiya qurumu olan UC3-ün məlumatına görə, Nike ilə danışıqlar həqiqətən davam edir. Nike şirkəti də bu prosesi təsdiqləyib.
Hazırda Adidas ilə 2001-ci ildə imzalanmış və dəfələrlə uzadılmış müqavilə 2026/27 mövsümünün sonunda başa çatır və yenilənməyəcək. Qeyd olunur ki, əvvəlcə Nike UEFA toplarının təchizatçısı idi, daha sonra bu statusu Adidas əldə etmişdi.
Avropa Liqası və Konfrans Liqası üçün topları ayrıca təmin edən Decathlon şirkətinin müqaviləsi də 2027-ci ildə bitir və uzadılmayacaq.
UEFA son illərdə kommersiya strategiyasını dəyişərək daha yüksək gəlir əldə etməyə yönəlib və uzunmüddətli müqavilələrdən imtina edir. Yeni model 2027–2031 dövrünü əhatə edən media hüquqları formatına bənzəyir.
Eyni strategiya reklam bazarında da özünü göstərir: UEFA 2027-ci ildən Heineken ilə əməkdaşlığı dayandıraraq onun yerinə Anheuser-Busch şirkətini gətirir. Yeni müqavilə illik 200 milyon avro dəyərindədir və əvvəlkindən 66% daha yüksəkdir.
Top bazarının özü də sürətlə böyüyür. 2026-cı ildə 3,3 milyard dollar, 2035-ci ildə isə 7,42 milyard dollara çatacağı proqnozlaşdırılır. Lakin ekspertlər qeyd edirlər ki, Nike üçün bu əməkdaşlıq əsasən satışdan çox brendin görünürlüğünü artırmaq məqsədi daşıyır.