Rumıniya mövcud ehtiyatları hesabına daxili yanacaq tələbatını təxminən 90 gün ərzində qarşılamaq imkanına malikdir. Bu barədə ölkənin energetika naziri Boqdan İvan məlumat verib.
Onun sözlərinə görə, ölkədə həm operatorların saxladığı kommersiya ehtiyatları, həm də dövlətə məxsus strateji rezervlər mövcuddur. Bu resurslar fövqəladə hallarda istifadə oluna bilər və yanacaq təchizatının sabitliyini təmin edir.
Boqdan İvan qeyd edib ki, hazırda ölkədə yanacaq çatışmazlığı riski yoxdur: gündəlik tədarüklər davam edir, ehtiyatlar isə mütəmadi yenilənir.
Bildirilir ki, 90 günlük ehtiyat səviyyəsi Avropa İttifaqının enerji təhlükəsizliyi tələblərinə uyğundur və qısa və orta müddətli perspektivdə təchizatın sabitliyini göstərir.
Regional baxımdan belə ehtiyat səviyyəsi Cənub-Şərqi Avropada enerji sabitliyi üçün mühüm əhəmiyyət daşıyır. Bu kontekstdə Azərbaycanın rolu xüsusi vurğulanır.
Azərbaycan uzun illərdir Avropa ölkələri ilə etibarlı enerji tərəfdaşı kimi əməkdaşlıq edir və regionda əsas qaz tədarükçülərindən biri hesab olunur. Rumıniya kimi ölkələrin ehtiyatlarını gücləndirməsi və Azərbaycanla əməkdaşlığın inkişafı Avropanın enerji təhlükəsizliyinin daha da möhkəmlənməsinə töhfə verir.