İsveçrə frankı da dollara tab gətirmədi

İsveçrə frankı da

 İsveçrə frankı ABŞ dollarına qarşı ucuzlaşaraq 2025-ci ilin aprelindən bəri ən aşağı səviyyəyə enib. Valyutanın məzənnəsi 1 dollar üçün 0,84 frank səviyyəsinə yaxınlaşıb.

Monetar.az xəbər verir ki, frankın zəifləməsinə ABŞ Federal Ehtiyat Sisteminin (FED) yenidən faiz artımına gedə biləcəyi ilə bağlı gözləntilər təsir göstərib. Bu ehtimallar ABŞ və İsveçrə arasında faiz fərqinin daha da genişlənəcəyi gözləntisini gücləndirib.

İsveçrədə borclanma faizlərinin 0% səviyyəsində qalacağı proqnozlaşdırılır. Bu göstərici dünyada ən aşağı faiz dərəcəsi hesab olunur. Aşağı faizlər frankı ucuz maliyyələşmə valyutasına çevirir və investorların bu valyutada borclanaraq daha yüksək gəlir gətirən aktivlərə yönəlməsini təşviq edir.

Bununla belə, iqtisadçılar İsveçrə Mərkəzi Bankının 2027-ci ilin iyununda və 2028-ci ilin sonlarında faizləri 0,25 faiz bəndi artıracağını gözləyirlər. Goldman Sachs isə faizlərin 2028-ci ilə qədər dəyişməyəcəyini proqnozlaşdırır.

Proqnozların dəyişməsi oktyabrda İsveçrədə inflyasiyanın son üç ilin ən yüksək səviyyəsinə çatmasından sonra baş verib. Bununla belə, İsveçrə Mərkəzi Bankının sədri Martin Şlegel qiymət təzyiqlərinin iqtisadiyyatın digər sahələrinə yayıldığını göstərən əlamətlərin olmadığını bildirib.

Mərkəzi Bank frankın kəskin bahalaşmasının qarşısını almaq üçün valyuta bazarına müdaxilə etməyə hazır olduğunu da bir daha bəyan edib. Digər tərəfdən, frankın təhlükəsiz liman valyutası kimi cəlbediciliyi investorların daha yüksək gəlir əldə etmək məqsədilə apardığı əməliyyatların risklərini azalda bilər.