Bir köynək, 2700 litr su: Moda təbiətə necə zərər verir?

Avropa Parlamenti yeni bir qanun qəbul edib. Qanunun məqsədi tekstil və ərzaq tullantılarının miqdarını azaltmaqla Aİ ölkələrində daha davamlı istehsalı və istehlakı təşviq etməkdir. Yeni direktiv istər lüks brendlərə, istərsə də H&M və Zara kimi iri pərakəndə satış şəbəkələrinə şamil olunur. Xüsusilə Shein və Temu kimi sürətli moda (fast fashion) şirkətləri bu qaydaların mərkəzində yer alır.
Sürətli modanın əsas problemi – aşağı keyfiyyətli və ucuz qiymətli geyimlərin tez-tez yenilənməsi – həm israfçılığı artırır, həm də ətraf mühitə mənfi təsir göstərir. Yeni qanuna əsasən, tekstil istehsalçıları yalnız məhsulu bazara çıxarmaqla deyil, həm də onun ömrünün sonuna qədər məsuliyyət daşıyacaqlar. Şirkətlər geyim və məişət tekstillərinin toplanması, çeşidlənməsi və təkrar emalı ilə bağlı bütün xərcləri ödəməli olacaqlar.
Avropa Parlamentinin dərc etdiyi məlumatlara görə, 2022-ci ildə Aİ-də bir nəfərin orta tekstil istehlakı üçün 323 m² torpaq sahəsi, 12 m³ su və 523 kq xammal tələb olunub. Avropa Ətraf Mühit Agentliyi bildirir ki, 2020-ci ildə tekstil sektoru su ehtiyatlarının çirklənməsi və torpaq istifadəsinə görə üçüncü ən böyük mənfi təsir göstərən sahə olub.
Sadə bir nümunə olaraq, bir ədəd pambıq köynəyin istehsalı üçün 2700 litr təmiz su tələb olunur – bu isə bir şəxsin 2,5 illik içməli su ehtiyacına bərabərdir.
Yeni qanun həm istehsalçıların məsuliyyətini artırmağı həm də istehlakçıları daha davamlı geyim seçimlərinə təşviq etməyi hədəfləyir.
MONETAR.AZ