“Apple” və “LG” şirkətləri birgə yeni ağıllı ev cihazları seriyası üzərində işləyirlər. “Bloomberg”in məlumatına görə, məhsul xəttinə təhlükəsizlik kameraları, kameralı qapı zəngi, ağıllı termostat, elektron qıfıl və temperatur sensoru daxil olacaq.
Yeni qurğular LG brendi altında satışa çıxarılacaq. Cənubi Koreya şirkəti məhsulların istehsalını və texniki dəstəyini də öz üzərinə götürəcək.
LG-nin ABŞ-da sertifikatlaşdırma üçün təqdim etdiyi sənədlərdə yeni məhsulların adları artıq üzə çıxıb. Siyahıda aşağıdakı cihazlar yer alır:
- LG Video Doorbell Wired – kameralı qapı zəngi;
- LG Floodlight Cam – projektorlu təhlükəsizlik kamerası;
- LG Outdoor Cam Plug-In – küçə üçün təhlükəsizlik kamerası;
- LG Indoor Cam Plug-In – otaq üçün təhlükəsizlik kamerası;
- LG Smart Deadbolt Lock – ağıllı elektron qıfıl;
- LG Smart Thermostat – ağıllı termostat;
- LG Temperature Sensor – temperatur sensoru.
Yeni cihazların əksəriyyətinin Wi-Fi, Bluetooth və ağıllı ev qurğuları arasında uyğunluğu təmin edən Matter standartını dəstəkləyəcəyi gözlənilir.
Ağıllı elektron qıfıl isə UWB (Ultra-Wideband) texnologiyası ilə təchiz olunacaq. Bu texnologiya qurğular arasındakı məsafəni yüksək dəqiqliklə müəyyənləşdirməyə imkan verir.
Məhsulların satışa çıxarılacağı dəqiq tarix hələ açıqlanmayıb. İlkin məlumatlara görə, yeni cihazların bazara təqdimatı üçün ən azı bir neçə ay gözləmək lazım gələcək.
MONETAR.AZ