“SpaceX” şirkəti aerokosmik və süni intellekt layihələrində “Nvidia” texnologiyalarından istifadəsini genişləndirmək məqsədilə çip alışını maliyyələşdirmək üçün 40 milyard dollar cəlb etməyi planlaşdırır. “Reuters”in məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, maliyyələşdirmənin 10 milyard dolları bank kreditləri, 30 milyard dolları isə investisiya səviyyəli borc öhdəlikləri hesabına təmin ediləcək.
Özəl investisiya şirkəti “Apollo Global Management” maliyyələşdirmə prosesinə rəhbərlik edəcək və borc öhdəliklərinin investorlar arasında yerləşdirilməsinə kömək göstərəcək. “Pimco” da sövdələşmədə iştirak etmək üçün danışıqlar aparan məhdud sayda kreditorlar arasındadır. Əməliyyatın 2027-ci ildə başa çatdırılması gözlənilir.
“SpaceX”in investisiya səviyyəli reytinqlərin aşağı pillələrindən birində yer alan “BBB” kredit reytinqi sığorta və pensiya fondları kimi institusional investorların şirkətin borc alətlərinə marağını artıra bilər. Bu fondlar adətən yüksək riskli, investisiya reytinqindən aşağı qiymətli kağızlara daha məhdud həcmdə vəsait yatırırlar.
“Apollo”, “Pimco”, “SpaceX” və “Nvidia” məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.
Sövdələşmə İlon Maskın “Nvidia” texnologiyalarından süni intellekt layihələrində daha geniş istifadə etmək niyyətini açıqlamasından sonra iki şirkət arasındakı əməkdaşlığın möhkəmlənməsinə şərait yarada bilər.
Mask avqust ayında “SpaceX” investorları ilə görüşündə “Nvidia”nın süni intellekt platformasına üstünlük verdiklərini bildirib. O, şirkətin yeni nəsil “Vera Rubin” arxitekturasını yüksək qiymətləndirərək süni intellekt hesablama sistemlərini məhz “Nvidia” texnologiyaları əsasında qurmaq qərarına gəldiklərini vurğulayıb. Mask həmçinin iki şirkət arasında müxtəlif istiqamətlər üzrə sıx əməkdaşlığın mövcud olduğunu qeyd edib.
“SpaceX” iyunda həyata keçirilən 86 milyard dollarlıq ilkin kütləvi səhm təklifindən (IPO) sonra investisiya səviyyəli kredit reytinqi əldə edib. Bundan iki həftədən az müddət sonra şirkət 25 milyard dollar həcmində yüksək reytinqli istiqraz yerləşdirib.
Lakin borc yükünün və kapital xərclərinin artması ilə bağlı narahatlıqlar istiqrazların qiymətinə təzyiq göstərib. “MarketAxess” məlumatlarına görə, 2056-cı ildə ödənilməli olan “SpaceX” istiqrazları hazırda nominal dəyərinin hər dollarına təxminən 85 sent qiymətində ticarət olunur. Onların gəlirliliyi ABŞ Xəzinədarlıq istiqrazlarının gəlirliliyini təxminən 2,27 faiz bəndi üstələyir.
“Apollo” 800 milyard dollarlıq kredit biznesi çərçivəsində “Intel” və “Bayer” kimi iri şirkətlər üçün çoxmilyardlıq maliyyələşdirmə əməliyyatlarına rəhbərlik edib.
Şirkət iyunda “Broadcom” üçün yarımkeçirici istehsalına yönəlmiş 35 milyard dollarlıq maliyyələşdirmə də təşkil edib. Həmin vaxt bu əməliyyat özəl kredit bazarının ən böyük sövdələşməsi kimi qiymətləndirilirdi.
“SpaceX”in planlaşdırdığı 40 milyard dollarlıq maliyyələşdirmə süni intellekt infrastrukturuna yönələn sərmayələrin miqyasını və bu sahədə qabaqcıl çip texnologiyalarına artan tələbatı göstərir.
MONETAR.AZ