Polşa “Google”u dominant mövqedən sui-istifadədə ittiham edir

Polşa “Google”u dominant mövqedən sui-istifadədə

Polşanın Rəqabətin və İstehlakçıların Müdafiəsi İdarəsi (UOKiK) “Google” şirkətinin ölkə media nəşriyyatları ilə məzmun üçün ödənişlərlə bağlı danışıqlarda bazardakı dominant mövqeyindən sui-istifadə etdiyindən şübhələnir.

Tənzimləyici qurumun məlumatına görə, araşdırma “Google”un Google Search, Google News və Discover xidmətlərində nəşriyyatçıların məqalələrinin və materiallarından fraqmentlərin nümayiş etdirilməsinə görə ödənişlərlə bağlı danışıqları necə apardığına yönəlib.

UOKiK hesab edir ki, “Google” nəşriyyatçılara şirkətin ödəniş təkliflərini lazımi şəkildə qiymətləndirmələri üçün kifayət qədər məlumat təqdim etməyib. Bu isə tərəflər arasında informasiya balanssızlığı yaradaraq nəşriyyatçıların danışıqlardakı mövqeyini zəiflədə bilər.

Tənzimləyici qeyd edib ki, dominant mövqedən sui-istifadə faktı təsdiqlənərsə, şirkəti illik dövriyyəsinin 10 faizinə qədər məbləğdə cərimə gözləyə bilər.

İş Polşanın müəllif hüquqları haqqında qanunvericiliyinə 2024-cü ildə edilən dəyişikliklərdən sonra başladılıb. Həmin dəyişikliklərlə onlayn platformaların nəşriyyatçıların məzmunundan istifadəyə görə qonorar ödəməsini nəzərdə tutan Avropa İttifaqı direktivinin tələbləri ölkə qanunvericiliyinə daxil edilib.

UOKiK bildirib ki, Polşadakı araşdırma müstəqil şəkildə aparılır, lakin proses Avropa Komissiyası ilə koordinasiya olunur.

Qurumun sözlərinə görə, hazırkı təhqiqat Avropa Komissiyasının 2025-ci ilin dekabrında başlatdığı ayrıca araşdırma ilə əlaqəli deyil. Həmin araşdırmada “Google”un nəşriyyatçıların materiallarından müvafiq kompensasiya ödəmədən və ya onların bundan imtina etməsinə imkan vermədən süni intellekt xidmətlərində istifadə edib-etmədiyi araşdırılır.

İş üzrə tərəflər sırasında Alphabet, Google LLC, Google Ireland və Google Poland şirkətləri yer alır.

“Google” Polşada daha əvvəl də antiinhisar iddiaları ilə üzləşib. 2024-cü ilin dekabrında “Allegro” elektron ticarət qrupuna daxil olan Ceneo qiymət müqayisəsi platforması “Alphabet”i rəqabət qaydalarını pozmaqda ittiham edərək şirkətə qarşı 2,33 milyard Polşa zlotısı məbləğində iddia qaldırıb.

MONETAR.AZ