Sony Pictures yüzlərlə əməkdaşı ixtisar edəcək

Sony Pictures yüzlərlə əməkdaşı

Sony Pictures Entertainment yaxın aylarda biznesin yenidən təşkili çərçivəsində dünya üzrə yüzlərlə əməkdaşını ixtisar etməyi planlaşdırır. Bu barədə şirkətin daxili məktubunda bildirilir və məlumat Variety nəşrinin sərəncamında olub.

Məktubda qeyd olunur: “Biz bəzi istiqamətlərdə heyəti azaldırıq, eyni zamanda gələcəyimiz üçün daha vacib sahələrə diqqət və investisiyaları artırırıq.” Mənbələrin sözlərinə görə, ixtisarlar xərclərin azaldılması ilə deyil, daxili restrukturizasiya prosesi ilə bağlıdır.

Dəyişikliklər əsasən oyun şouları və qeyri-bədii televiziya bölmələrini əhatə edəcək. Bundan əlavə, vizual effektlər şirkəti olan Pixomondo bağlanacaq.

Rəhbərlik səviyyəsində ən diqqətçəkən dəyişiklik isə komediya layihələrinin inkişafı üzrə icraçı vitse-prezident Colin Davis-in vəzifədən ayrılması olacaq.

Qeyd edək ki, Sony Pictures Entertainment şirkətində ümumilikdə təxminən 12 min nəfər çalışır.

MONETAR.AZ