DeepSeek yeni süni intellekt modelini qabaqcıl çiplər üzərində öyrədib

DeepSeek yeni süni intellekt modelini qabaqcıl çiplər

Çinin süni intellekt sahəsində fəaliyyət göstərən startapı DeepSeek yaxın vaxtlarda buraxılması planlaşdırılan ən son modelini NVIDIA Corp-un ən qabaqcıl Blackwell çipləri üzərində öyrədib. Bu barədə Reuters agentliyi Tramp administrasiyasından olan yüksək vəzifəli məmura istinadla məlumat yayıb.

Bu hadisə potensial olaraq ABŞ-ın ixrac nəzarəti qaydalarının pozulması deməkdir, çünki Nvidia-ya ən qabaqcıl çiplərini Çinə satmaq qadağan olunub.

Reuters-in məlumatına görə, DeepSeek Amerika çiplərindən istifadənin üzə çıxmasına səbəb ola biləcək texniki göstəriciləri silə bilər. Şirkətin yaxın həftələrdə yeni, inkişaf etmiş İİ modelini təqdim edəcəyi gözlənilir.

Bundan əvvəl, süni intellekt startapı Anthropic DeepSeek-i və “Çin İİ pələngləri” adlandırılan daha iki şirkəti — Moonshot və MiniMax Group Inc-i  öz məlumatlarını süni intellekt modellərini öyrətmək üçün toplamaqda ittiham etmişdi.

Bu hadisələr ABŞ və Çin arasında münasibətlərin daha da gərginləşdiyini göstərə bilər. Belə ki, Pekin ABŞ-ın texnologiya ixracına qoyduğu məhdudiyyətləri böyük ölçüdə rədd edir. ABŞ qanunvericiləri isə Çinə texnologiya ixracının məhdudlaşdırılmasında sərhədin haradan çəkilməli olduğunu müəyyənləşdirməyə çalışırlar.

Reuters-in bildirdiyinə görə, DeepSeek-in istifadə etdiyi Blackwell çipləri böyük ehtimalla Daxili Monqolustandakı bir data-mərkəzdə yerləşən klasterin tərkib hissəsidir, baxmayaraq ki, Vaşinqtonun bu məlumatı necə əldə etdiyi hələlik aydın deyil.

MONETAR.AZ